AZƏRTAC Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Füzuliyə 26 oktyabr səfərindən yeni məlumat yayıb. Qeyd olunur ki, o, prezident İlham Əliyevlə birgə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olub, sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar.
Həmin gün prezidentlərin iştirakı ilə Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyulub.
Prezidentlər Zəngilanın Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.
Ağalı kəndində İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğanın təkbətək görüşü olub. Onlar mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Arayışa görə, Əhmədbəyli-Füzuli-Şuşa yolu altı-dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri salır.
Zəngəzur dəhlizi yolu 123,6 kilometr olacaq.
Türk və azərbaycanlı sərmayədarların “Dost Aqropark” layihəsi üç mərhələdə icra olunacaq. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək.
Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək.
Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır. Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
10 noyabr 2020-ci il bəyanatına görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.