AZƏRTAC Azərbaycan prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanın Zəngilanın Ağalı kəndindəki 26 oktyabr bəyanatlarının mətnini yayıb.
İlham Əliyev Rəcəb Teyyub Ərdoğana səslənərək deyib: “Siz işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq, bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb.
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Yəni bu, birgə uğurumuzdur.
Eyni zamanda bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.
Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.
Biz İkinci Qarabağ savaşının birinci ildönümünü yaşayırıq. Dünən Qubadlı şəhərinin azad olunmasının birinci ildönümünü qeyd edirdik. İki həftə sonra Şuşanın azad olunmasını qeyd edəcəyik, böyük Zəfər bayramı kimi qeyd edəcəyik.
İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub. Əziz qardaşım, hörmətli cümhur başqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi.
Bu gün burada, Zəngilanda olarkən Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.
Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.
Rəcəb Teyyub Ərdoğan qeyd edib ki, səfəri zamanı Azərbaycanın işğaldan azad edilən bölgələrinin qısa müddət ərzində necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görür: “Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər.
Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə, inşallah, Naxçıvanla birləşdirəcək yolların inşa edildiyini gördük, işçi qardaşlarımızla görüşdük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürur və ümid verir.
Bu gün İlham qardaşımla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələrimizi və regional prosesləri ətraflı müzakirə etdik. İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmlisi Şuşa bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.
Azərbaycan bölgənin əsl potensialının həyata keçirilməsinə mane olan işğalı şanlı zəfəri ilə sona çatdırdı, BMT Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qətnamələrini özü həyata keçirdi. Davamlı sülhün təmin olunması və arzu edilən normallaşma istiqamətində irəliləyişin olması üçün şərait bu gün əvvəllər olmadığı qədər əlverişlidir. Bunun üçün bölgədəki yeni duruma uyğun hərəkət edilməlidir. Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.
Bu məsələlərdə Ermənistan Azərbaycanla problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycanla bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda, Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin nəzarətində qalır.
10 noyabr 2020-ci il razılaşmasına görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 2021-ci il iyunun 15-də Qarabağa səfər edib. Həmin gün o, prezident İlham Əliyevlə birgə Şuşa bəyannaməsi imzalayıb. Sənədə görə, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlərdən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.