Azərbaycanın mühacir alimi Cahangir Zeynaloğlunun 1931-ci ildə İstanbulda nəşr etdirdiyi “Şirvanşahlar yurdu” əsəri Azərbaycan türkcəsinə tərcümə olunub. “Elm və təhsil” nəşriyyatında çıxan kitabın tərtibçisi, giriş mətninin müəllifi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kərimova-Kocayeva, tərcüməçisi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Tahirə Həsənzadə, redaktoru tarix elmləri doktoru Tofiq Nəcəfli, ön sözün müəllifi tarix elmləri doktoru, professor Şahin Fərzəliyevdir.
Hərbçi və tarixçi Cahangir Zeynal oğlu Nəsirbəyov həyatı və yaradıcılığı haqqında gec yazılan şəxsiyyətlərdəndir. Onun taleyi və çoxcəhətli yaradıcılığı elmi ədəbiyyatda layiqli əksini tapmayıb.
Tamilla Kərimova-Kocayevanın Cahangir Zeynaloğlunun həyat və yaradıcılığına dair bir neçə illik elmi axtarışları heç bir nəticə verməmişdi. Nəhayət, İstanbulda Cahangir Zeynaloğlunun övladlarını tapandan sonra onun soyadı dəqiqləşdirildi: Nəsirbəyov. Bundan sonra Azərbaycan arxivlərində axtarışlar aparıldı və uğurla nəticələndi. Alimin həyat və fəaliyyəti ilə bağlı bir çox hadisə, fakt və fotoşəkillər Dövlət Arxivindən, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivindən, Mehman Süleymanovun Azərbaycanın hərb tarixinə həsr olunan əsərlərindən, Cahangir Zeynaloğlunun ailə arxivində aşkar edilib, ailə üzvlərinin xatirələri əsasında dəqiqləşdirilib. Həmçinin onun Bakıda və Şuşada yaşamış qohumları haqqında məlumatlar, şəcərəsi verilib, həyatı və elmi fəaliyyəti haqqında məqalələr əlavə olunub. Kitabda şəxs adları, coğrafi göstəricilər, çoxlu fotoşəkil də yer alır.
Oğlu Baykal Sultanın sözlərinə görə, Cahangir Zeynal oğlu Nəsirbəyov 1892-ci ildə Şuşa şəhərində varlı zadəgan ailəsində doğulub. O, ilk təhsilini doğulduğu şəhərdə alıb. Birinci Dünya müharibəsi başlayanda hərbi xidmətə çağırılıb, Qafqaz cəbhəsində kiçik leytenant və leytenant kimi döyüşüb, orden və medallarla təltif edilib.
Cahangir Zeynal oğlu (Nəsirbəyov) Azərbaycan Xalq Cümhuriyyəti dönəmində milli ordu quruculuğunda iştirak edib, Azərbaycanın ilk milli hərbi təhsil ocağı Milli Hərbiyyə Məktəbinin rəisi olub.
Şimali Azərbaycan sovetləşdirildikdən sonra Azərbaycan Demokratik Respublikası ordusunun rəhbər heyəti repressiyaya məruz qalır, bir çox siyasi və hərbi xadim mühacirət etməli olur. 8 dekabr 1920-ci ildə həbs hökmü gözləyən Nəsirbəyov istintaqdan yayınmağı qərara alır, Azərbaycanı tərk edir, Tiflisdən Türkiyəyə qaça bilir. İkinci Dünya müharibəsi başlayanadək orada yaşayır. Bu dövrdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris edir. Sonra ticarətlə məşğul olur, Sivasda “Vətən” fabriki yaradır.
Cahangir bəyin Türkiyədə yaşayan və sovet hakimiyyətini qəbul etməyən azərbaycanlı mühacir dostları varmış. Sonralar onların bəziləri Avropaya və Amerikaya köçürlər. Nəsirbəyov bir necə dostu ilə birlikdə Almaniyaya köçərək burada könüllülər ordusunun sıralarına daxil olur. Almaniyada olarkən ailəsinə məktublarının birində yazır ki, ən qısa zamanda Azərbaycan azad olacaq, müstəqilliyini bərpa edəcək və biz hamımız birlikdə Vətənimizə dönəcəyik.
Lakin onlar bir daha görüşə bilmirlər.
Kitabda Nəsirbəyovun ömrünün tədqiqatçılar üçün ən qaranlıq məqamları barədə məlumatlar verilib.
Cahangir Zeynaloğlunun həyatı və taleyinin rəngarəngliyi ilə tanış olduqca XX əsrin ilk yarısında Azərbaycanda, Rusiyada, Almaniyada baş verən mühüm dramatik hadisələrin – Birinci Dünya müharibəsinin, fevral inqilabının, oktyabr çevrilişinin, Azərbaycan Demokratik Respublikasının yaranmasının və süqutunun, rus ordusunun Azərbaycanı işğal etməsinin və İkinci Dünya müharibəsinin əksini tapdığını görürük.
Cahangir Zeynaloğlunun elmi fəaliyyəti Azərbaycan elm və mədəniyyət tarixində müəyyən iz qoyub. Onun tarix təhsili olmayıb. Ancaq mükəmməl təhsili, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü, xidmət göstərdiyi mühit sayəsində Azərbaycanın görkəmli ziyalılarından birinə çevrilmişdi. Bütün bunlar ona Azərbaycan tarixinin müxtəlif məsələlərinin uğurla araşdırmasına imkan yaratmışdı. O, 1924-cü ildə İstanbulun “Şəms” mətbəəsində nəşr etdirdiyi tarixi və elmi-publisistik “Müxtəsər Azərbaycan tarixi” əsərində qədim çağlardan yaşadığı dövrə kimi zamanı qələmə almışdı. “Müxtəsər Azərbaycan tarixi” kitabı 1993-cü ildə Bakıda təkrar nəşr olunub.
Cahangir Zeynaloğlunun başqa tarixi əsəri “Azərbaycan xanlıqlar dövrü” kitabıdır. “Xalqın sözü. Haqqın sözü” kitabında isə Azərbaycanın 5000 atalar sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi və əcnəbi terminlər və s. təqdim olunur.
1000 illik tarixi əhatə edən Şirvanşahlar dövlətinin tarixinin ilk azərbaycanlı tədqiqatçısı da Atatürkün və marşal Fevzi Çakmakın yüksək dəyərləndirdiyi Cahangir Zeynaloğludur. 18 avqust 1931-ci ildə İstanbulda işıq üzü görən “Şirvanşahlar yurdu” Türkiyədə daha bir neçə dəfə nəşr olunub və bu gün də öz əhəmiyyətini itirməyib. Əsərdə Şirvanşahlar dövlətinin tarixi ən qədim dövrlərdən Rusiyanın Azərbaycanı işğal etməsinə kimi izlənib. Cahangir Zeynaloğlu Şirvanşahların tarixinin araşdırılmasına öz töhfəsini verib, dövlətin inkişaf, çiçəklənmə və tənəzzül mərhələlərini araşdırıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirib, Şirvanın daxili həyatını və fəaliyyətini öyrənməyə imkan yaradıb. Müəllif Şirvanşahların tarixini işıqlandırmaq üçün onun müxtəlif aspektlərini – dövlətin yarandığı tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, tayfaların və xalqların vəziyyətini, dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzərdən keçirib. O, Şirvanşahlar dövlətinin yarandığı vaxtdan ta süquta uğrayanadək genealogiyasını araşdırıb, bir sıra Şirvanşah hakiminin adını və hakimiyyət illərini dəqiqləşdirib. Əsərdə Şirvanşahlar dövlətinin tarixi, eləcə də dövləti idarə etmiş Məzyədilər, Kəsranilər, Dərbəndilər sülaləsindən olan Şirvanşahlar barədə müfəssəl məlumat verilib.