Rəsmi hesabata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (DNF) büdcə gəlirləri 10 milyard 444,5 milyon manat, büdcə xərcləri 7 milyard 328,2 milyon manat olub, sentyabrın 30-na qurumun aktivləri 2021-ci ilin əvvəlinə nisbətən 1,52% artaraq 44 milyard 226,4 milyon ABŞ dollarına çatıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, DNF-nin büdcəsində 3 milyard 116,3 milyon manat artıqlıq yaranıb: “Doqquz ayda fondun gəlirləri ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3 milyard 851,4 milyon manat artıb, xərcləri 1 milyard 718,1 milyon manat azalıb. 2020-ci ilin yanvar-sentyabr aylarında DNF-nin büdcə gəlirləri 6 milyard 593,1 milyon manat, büdcə xərcləri 9 milyard 46,3 milyon manat idi.
2021-ci ilin doqquz ayında Azərbaycanın dövlət büdcəsində 159,7 milyon manat məbləğində artıqlıq yarandığı da açıqlanıb.
DNF-nin büdcəsində 3 milyard 116,3 milyon manat, dövlət büdcəsində 159,7 milyon manat məbləğində artıq pul var. Ümumilikdə icmal büdcədə 3 milyard 563,1 milyon manat artıqlıq yaranıb.
Oktyabrın 16-da sərəncam imzalayan dövlət başçısı Nazirlər Kabinetinə 2022-ci ilin dövlət büdcəsi layihəsində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasını əks etdirmək təklifləri hazırlamağı tapşırıb.
Artıq pul varsa, niyə əməkhaqqı, pensiyalar, sosial müavinətlər və təqaüdlərlə bağlı əlavə ödənişlər növbəti ilə planlaşdırılır? Əhali qiymət artımından yaranan məsrəfləri iki ildir eyni maaş, sosial müavinətlər və təqaüdlərlə ödəyir. İndeksləşdirmə isə yalnız pensiyalara tətbiq olunur.
2021-ci ilin yanvar-avqust aylarında orta aylıq nominal əməkhaqqı 2020-ci ilin eyni dövrünə nisbətən 2,2 faiz artdığı halda istehlak qiymətləri rəsmən 5,2 faiz yüksəlib. Eyni zamanda bu il ərzində nəqliyyatda gediş haqqının, istiliyin, neft məhsullarının bahalaşması gözlənilir. Belə olan halda əmək haqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasına gələn ildən deyil, bu ildən start verilməlidir. Nazirlər Kabinetinin əmək haqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı təklifləri bu ilin büdcəsində nəzərə alınmalı və noyabrın 1-dən tətbiq edilməlidir. Əks təqdirdə ölkədə yoxsulluq və səfalət daha da dərinləşəcək”.