Prezident İlham Əliyev Qubadlıya 25 oktyabr səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Qubadlının erməni işğalından bir il öncə azad edildiyini xatırladıb: “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.
Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu qələbə sevincini yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi. Ancaq bilmirdik düşmən nə vaxt təslim olacaq. Noyabrın 9-da Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışdı və noyabrın 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə zəfər gününü məhz 8 noyabrda qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu”.
Prezident düşmənin Qubadlının hər tərəfi dağıtdığını vurğulayıb: “Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq erməni hərbçilər öz məqsədləri üçün bir neçə binadan istifadə edib, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır.
Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmayıb. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun.
Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı baş planda bütün məsələlər əhatə olunacaq – məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək. Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir – həm bərpa işlərində, eyni zamanda Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində. Çünki rayon böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var”.
İlham Əliyev 25 oktyabrın zəfər günü, Qubadlının azad olunması günü olduğunu qeyd edərək deyib: “27 ildən sonra işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik”.