Prezident İlham Əliyev oktyabrın 22-si Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilən mərkəzdə əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə təlim, həmçinin kulinariya yarmarkalarının keçirilməsi, kulinariya verilişlərinin çəkilməsi nəzərdə tutulur.
Mərkəzdəki audio-səsyazma studiyasında vokal bacarıqların inkişaf etdirilməsi, audio disklərin və solo albomların yazılması, video-çarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyaj edilməsi nəzərdə tutulur.
Floristika və landşaft dizaynı studiyasında floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması, gül kompozisiyalarının yığılması, terrarium və bitki rezervuarlarının dizaynı və quraşdırılması nəzərdə tutulur.
Metal və ağac oyma studiyasında ağac, metal, daş üzərində bədii oyma sənəti tədris ediləcək.
Xalçaçılıq, tikiş, toxuma və tikmə studiyasında Azərbaycan xalçaçılıq sənəti və onun mühüm 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Burada ilmə-naxış texnikası, rəng ahənginin seçilməsi, yun iplərin boyanması, bədii tikmə növünün ən qədim və geniş yayılmış pilətikmə forması, qızılı saplarla, muncuqla milli və müasir geyimlərin işlənməsi, dizaynı öyrədiləcək.
Musiqi studiyasında Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal dərslərinin tədrisi nəzərdə tutulur.
Mərkəzin açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş həyətyanı sahəsi də var. Burada reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgilərin, satış-sərgi yarmarkalarının təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsinə şərait var.
Mərkəzin keramika studiyasında dulusçuluq sənət növü üzrə bacarıqlar, o cümlədən keramik əşya, dekorativ məmulatların hazırlanması və rənglənməsi, farfor qablar və dekorativ məmulatların milli naxışlarla bəzədilməsi, dekorativ heykəltəraşlıq öyrədiləcək.
Təsviri sənət studiyasında kətan üzərində yağlı boya, akvarellə, kağız üzərində qrafiti və tuş, vitraj boya vasitəsilə şüşə üzərində, sulu boya ilə ipək üzərində rəsm sənətinin öyrədilməsi nəzərdə tutulur.
Rəqs zalında fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılması nəzərdə tutulur. Yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də planlaşdırılır.
Mərkəzin 121 nəfərlik auditoriyasında kinoteatr və teletamaşaların təqdimatı mümkündür. Səhnədə müasir plastika, musiqili janr üslublu və emosional teatr quruluşlarının, müxtəlif musiqili konsert proqramlarının, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Burada sosial müəssisə sakinləri üçün ödənişsiz film nümayişləri planlaşdırılır.
Mərkəzdə kitabxana da yaradılıb. Kitabxanada görmə məhdudiyyətli şəxslərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə kitablardan ibarət guşələrin yaradılması, əlilliyi olan şəxslərin kitablarının təqdimatının, məşhur yazıçıların iştirakı ilə qiraət günlərinin, yerli və xarici yazarların imza günlərinin keçirilməsi nəzərdə tutulur.
İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 60 nəfər işçi heyət və “Könüllü DOST” üzrə 20 nəfər könüllü fəaliyyət göstərəcək.
Oktyabrın 22-də prezident Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə də tanış olub.