Prezident İlham Əliyev Zəngilana 20 oktyabr səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, uzun fasilədən – 27 il erməni işğalından sonra Zəngilan Vətənə qayıdıb: “Şanlı ordumuz qəhrəmanlıq göstərərək Zəngilan şəhərini və bir neçə kəndi bir il bundan əvvəl işğalçılardan azad etdi və beləliklə, 27 illik işğala son qoyuldu.
Zəngilan çox füsunkar təbiətə malik diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim – bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Mənfur düşmən demək olar ki, bütün binaları dağıdıb. Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıdıblar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra Qubadlıya yolumuz açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda düşmən bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.
İndi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər”.
İlham Əliyev 2020-ci ilin Vətən müharibəsindəki qələbənin hamının qələbəsi olduğunu vurğulayıb: “Xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı. Hətta bu torpaqları görməyən gənclər də bu torpaqların azad edilməsi eşqi ilə yaşayıblar və ölümə gedən də məhz onlar oldu. Birinci sırada gedən məhz o uşaqlar idi ki, işğaldan sonra dünyaya gəliblər.
Xalqımız müqəddəs zəfər gününü gözləyirdi, bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq bu günü gözləyirdi və inanırdı ki, bu gün gələcək və biz də xalqımızı səfərbər etmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərdik. Əlbəttə ki, ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.