Yaponiya koronavirus infeksiyası ilə mübarizədə böyük uğur qazanıb.
Novator.az-ın məlumatına görə, bununla bağlı ABŞ-ın “Associated Press” agentliyinin internet səhifəsində dərc edilən yazıda deyilir ki, avqustun ortalarından başlayaraq Yaponiyanın paytaxtı Tokioda COVİD-19 infeksiyasına yoluxanların sayı kəskin şəkildə azalıb.
Avqustun birinci yarısında Tokioda hər gün təxminən 6 min nəfər koronavirusa yoluxurdusa, indi bu rəqəm 100-dən aşağıdır.
Əhalisinin sayı 14 milyon nəfərdən çox olan Yaponiya paytaxtında yoluxmaların sayının bu qədər azalması mütəxəssislərdə sözün yaxşı mənasında çaşqınlıq yaradıb. Məsələ burasındadır ki, Avropa və Asiyanın bir çox ölkəsindən fərqli olaraq Yaponiyada elə də ciddi qapanmalar olmayıb, yalnız bəzi məhdudiyyətlər tətbiq edilib. Hazırda isə Tokioda kafe və barlar adamla doludur, hamı bayram əhval-ruhiyyəsindədir.
Yoluxmaların kəskin şəkildə azalmasının əsl səbəbi isə bir qədər müəmmalı qalır.
Mütəxəssislərin bir qismi hesab edir ki, ölkədə infeksiyanın zəifləməsinə xüsusilə gənclər arasında aparılan intensiv vaksinasiya kampaniyası səbəb olub.
Bütövlükdə Yaponiyada əhalinin 70 faizə qədəri koronavirus infeksiyası əleyhinə peyvəndlənib.
Virusoloq, professor Kazuxiro Tateda “Associated Press”ə deyib ki, Yaponiyada yaşı 64-dən aşağı olan insanlar arasında aparılan intensiv vaksinasiya kollektiv immunitetə bənzər, amma müvəqqəti bir durum yarada bilər.
Tateda xatırladıb ki, ölkədə iyul-sentyabr aylarında, yəni koronavirusun daha yolxucu delta variantının sürətlə yayıldığı dövrdə peyvənd olunanların sayı xüsusilə artıb.
Ancaq professor xəbərdarlıq edib ki, vaksinasiyaya Yaponiyadan xeyli qabaq başlamış ABŞ, Böyük Britaniya kimi ölkələrdə infeksiya hələ də sürətlə yayılmaqdadır, bu isə peyvəndlərin mükəmməl olmadığına, onların effektinin zaman keçdikcə azaldığına işarədir.
Yaponiyada vaksinasiyaya bu il fevralın ortalarından başlanıb. İlk növbədə səhiyyə işçiləri, habelə yaşlı insanlar peyvəndlənib. Yaponiya vaksinləri xaricdən alır. İdxalda gecikmələr üzündən ölkədə vaksinasiya prosesi mayın sonuna yaxın zəifləyib, bir müddət sonra yenidən sürətlənib.
Bəs Yaponiyada koronavirusa yoluxanların sayının azalmasının əsl səbəbi, görəsən, nədir?
Yaponiyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Norio Ohmaqari “Associated Press”in sualına cavab verərkən deyib ki, bunu izah etmək elə də asan deyil, bu, mürəkkəb məsələdir: “İlk növbədə biz vaksinasiyanın təsirini qeyd etməliyik. Yoluxma sayının azalmasında bu, çox vacib amillərdən biridir. Daha bir amil o ola bilər ki, izdihamlı yerlərdə və havalandırma sistemi zəif, yoluxma riski yüksək olan məkanlarda toplaşanlar, çox güman, artıq infeksiyanı keçirmiş, təbii immunitet qazanmış insanlardır. Ehtimal ki, məhz bu səbəbdən hazırkı izdihamlar, kütləvi toplaşmalar yoluxma sayının artmasına gətirib çıxarmır”.
Kioto Universitetinin professoru Xiroşi Nisiura bu yaxınlarda hökumət yanındakı məşvərət şurasının iclasında deyib ki, vaksinasiya mart ayından sentyabr ayınadək 650 minə yaxın insanı yoluxmadan, 7200-dən çox adamı ölümdən xilas edib.
Bəzi ekspertlər Yaponiyada kafe, bar və restoranlara daha çox gənclər getdiyinə görə virusu da ən çox onların yaydığını düşünürdülər. Ancaq statistika göstərib ki, ölkədə 40-50 yaş arası insanlar da gecələr əyləncə məkanlarını ziyarət edirlər. Ən çox yoluxanlar isə 50 yaşdan aşağı peyvəndlənməmiş insanlardır.
Yaponiyanın Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Takadzi Vakita mediaya açıqlamasında bildirib ki, insanlar infeksiyaya yoluxma sayının kəskin azaldığına araxayınlaşaraq gecə əyləncələrinə müntəzəm şəkildə qatılmağa başlayıblar.
Bundan narahatlığını ifadə edən Takadzi Vakita xəbərdarlıq edib ki, infeksiya yenidən kütləvi yayılsa, xəstə sayını azaltmaq üçün məhdudiyyət tədbirlərinə əl atmaq lazım gələcək.
Yaponiyanın yeni baş naziri Fumio Kişida da noyabr ayının əvvəlinə nəzərdə tutulan tədbirlər planında ciddi məhdudiyyətlərin yer aldığını söyləyib.
Hazırda Yaponiyanın səhiyyə üzrə mütəxəssisləri infeksiyanın azalması səbəbini hərtərəfli araşdırmağa çalışırlar.
Bəzi tədqiqatlara görə, sentyabrın 30-da başa çatmış sonuncu – üçüncü fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu dövrdə əsas əyləncə bölgələrində insanların hərəkəti xeyli səngiyib. Bu da öz növbəsində yoluxmaların sayının azalmasına gətirib.
Tokio Tibb Elmləri İnstitutu nəzdindəki Sosial və Tibb Elmləri Mərkəzinin direktoru Asuşi Nisida hesab edir ki, əyləncə mərkəzlərini ziyarət edənlərin azalması ilə bərabər vaksinasiyanın sürətlənməsi yoluxmaların qarşısının alınmasında mühüm rol oynayıb.
Ancaq Asuşi Nisida vurğulayıb ki, fövqəladə vəziyyət artıq üç həftəyə yaxındır aradan qalxıb və o vaxtdan insanların əyləncə yerlərinə axışması yaxın zamanda yoluxma sayını artıra bilər.
Mənbə: Apnews.com