“Fransa daha Rusiyanın aqressiv davranışlarına dözmək fikrində deyil”. Novator.az-ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan İv Lö Drian “France 5” telekanalına müsahibəsində deyib.
O bildirib: “Biz indən belə sərt kurs götürməliyik”.
Rusiyada avtoritar rejimin güclənməsini olduqca həyəcanlı proses kimi xarakterizə edən Jan İv Lö Drian Moskvanı əsasən üç qeyri-adi davranışda ittiham edib.
Bunlardan biri müxalif lider Aleksey Navalnının həbsi ilə bağlıdır. Fransalı nazir Navalnı işini Rusiyada avtoritarizmin güclənməsinin aşkar əlaməti kimi qiymətləndirib.
İkincisi, Moskvanın qonşuluğunda olan ölkələri təhdid etməsi, onlara qarşı amansız siyasət yürütməsidir.
Üçüncüsü, Rusiyanın Avropa İttifaqı və Afrika ölkələrinin işinə qarışmasıdır.
Jan İv Lö Drian müsahibəsində Rusiyanın “Vaqner” qrupunu Malidə yerləşdirmək cəhdinə kəskin etirazını bildirib.
Muzdlulardan ibarət “Vaqner” qrupu Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi sayılır. Bu qrupa Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan milyarder Yevgeni Priqojin nəzarət edir.
Fransanın xarici işlər naziri xatırladıb ki, Rusiya hakimiyyəti “Vaqner” muzdlularına birbaşa təsirini inkar edir: “Ancaq heç kim aldanmasın. Yevgeni Priqojinlə Vladimir Putin arasında əlaqənin olduğu göz qabağındadır”.
Jan İv Lö Drian vurğulayıb ki, “Vaqner” qrupu Mərkəzi Afrika Respublikasında vergi gəlirlərini ələ keçirə və hökuməti büdcəyə nəzarət hüququndan məhrum edə bilər: “Oxşar təhlükəli vəziyyət Malidə də yaranıb. “Vaqner” muzdluları beynəlxalq hüquq normalarını və dövlət suverenlyini pozur”.
Mərkəzi Afrika Respublikası Fransanın keçmiş müstəmləkəsi olub. İyun ayında Fransa Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanj Tuaderanın başçılıq etdiyi rejimə 10 milyon avroluq yardımı dayandırıb.
Fransa eyni zamanda bu ölkədə hərbi iştirakının miqyasını daraldıb: iyundan bəri fransalı əsgərlər Mərkəzi Afrika Respublikasında yalnız BMT missiyası daxilində xidmət göstərirlər.
Mərkəzi Afrika Respublikasının 4,7 milyon nəfər əhalisi və zəngin qızıl, almaz yataqları var. Rusiya və Fransa müstəmləkəçiləri bura yiyələnmək uğrunda uzun müddət mübarizə aparıblar. 2013-cü ildə prezident Fransuaza Bozizenin devrilməsi ölkəni xaosa sürükləyəndən bəri Rusiya bu mübarizədə üstünlük qazanıb.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti yazır ki, “Vaqner” qrupunun muzdluları Mərkəzi Afrika Respublikasında ötən ilin dekabrından yerləşdirilib.
İndi Paris Moskvanın oxşar ssenarini Malidə də həyata keçirəcəyindən ehtiyatlanır.
Qəzetin yazdığına görə, nazir Jan İv Lö Drianın “France 5” telekanalına dedikləri Fransanın xarici siyasət kursunun dəyişməsi planından xəbər verir.
2019-cu ilin avqustunda Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putini Lazur sahilindəki iqamətgahında qəbul edib. Analitiklər həmin görüşdən sonra Fransa-Rusiya əlaqələrinin yaxşılaşmağa doğru getdiyini vurğulayırlar.
İndi isə nazir Jan İv Lö Drian başqa siyasi kursu – Emmanuel Makronun prezidentliyinin ilk dövründə sınaqdan keçirilmiş güc nümayişi kursunu yada salır.
2017-ci ilin mayında Makron Rusiyanın nəzərinə çatdırmışdı ki, Paris Moskvanın başqa dövlətlərin işinə kobud müdaxilələrinə dözməyəcək.
Fransanın xarici işlər naziri Moskva ilə yenə bu cür davranmağın tərəfdarıdır. O, “France 5” telekanalına müsahibəsində deyib: “Putin yalnız güc dilini başa düşür”.
Mənbə: Faz.net