2020-ci il martın 31-dən Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi tətbiq olunur. Novator.az bildirir ki, Nazirlər Kabinetinin yenilənmiş qərarına görə, 2021-ci il noyabrın 1-dək ölkə ərazisinə giriş-çıxış məhduddur, mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları saat 00:00-a qədər fəaliyyət göstərə bilər.
Ölkə ərazisində bu qadağalar var:
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;
– dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsi;
– kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsi (açıq havada idman yarışları istisna olmaqla);
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;
– masaj və hamam xidmətlərinin göstərilməsi.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində ictimai iaşə obyektlərində müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq; 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi də yasaqdır.
2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda koronavirusa ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, 489226 nəfər infeksiyaya yoluxub, onların 6625-i vəfat edib.