Milli Məclisə “Müstəqillik Günü haqqında” qanun layihəsi daxil olub. Prezident İlham Əliyevin göndərdiyi layihə mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan olunmasını nəzərdə tutur. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günüdür.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb.
1991-ci il avqustun 30-da respublika parlamenti Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Novator.az bildirir ki, Azərbaycanda qeyri-iş günü olan 12 dövlət bayramı var:
Yeni il – 1-2 yanvar
Qadınlar Günü – 8 mart
Novruz bayramı – 20-24 mart
Qələbə Günü – 9 may
Respublika Günü – 28 may
Milli Qurtuluş Günü – 15 iyun
Silahlı Qüvvələr Günü – 26 iyun
Zəfər Günü – 8 noyabr
Dövlət Bayrağı Günü – 9 noyabr
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr
Ramazan bayramı – 2 gün
Qurban bayramı – 2 gün.
3 dövlət bayramı iş günüdür:
Dövlət Müstəqilliyi Günü – 18 oktyabr
Konstitusiya Günü – 12 noyabr
Milli Dirçəliş Günü – 17 noyabr.
Yanvarın 20-si Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günüdür. Həmin gün iş günü deyil.
Sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi rəsmiləşib, iş günü sayılır.