Məhəmməd Füzulinin “Pənbeyi-daği-cünun içrə nihandır bədənim…” misraları ilə başlanan məşhur qəzəlinin son beytində deyilən “Edəməm tərki-Fizuli, səri-kuyin yarın, Vətənimdir, vətənimdir, vətənimdir, vətənim” bədii təkrarlarının belə bir şərhi də var ki, burada dörd vətən sözünün hər biri ayrıca məna daşıyır: birincisi ana bətni, ikincisi insanın doğulduğu və yaşadığı məkan, üçüncüsü məhəbbət dünyası, dördüncüsü isə axirət dünyasıdır. Mən də Misir müəllim haqda düşünərkən yadıma xalq şairi Ramiz Rövşənin “Adam” şeiri və onun da son beytində dörd dəfə təkrarlanan “adam” sözü düşür:
Dünyada nə su, nə od var,
Dünyada nə dost, nə yad var.
Tanrıdan özgə bir ad var:
Adam,
Adam,
Adam,
Adam!..
Belə düşünürəm ki, burada dörd dəfə deyilən adam sözünün hər biri ayrı çalarda Misir müəllimə aiddir:
Birinci adam şəxsiyyətdir – dürüst, sanballı, qürurlu, nüfuzlu! Gəncliyindən bu günədək ləyaqətindən bir kərpic də düşməmiş möhtəşəm bir qalaya bənzəyir – heç bir vəzifə, şöhrət ehtiyacı, maddi və ya mənəvi dəyərlər bu qalaya təsir edə bilməyib. Bütün məqamlarda şəxsiyyətini yüksək bir nemət, ali bir dəyər kimi qoruya bilib.
İkinci adam alicənabdır. Ən ali rütbələrdə olsa da, nəcibliyi, insanlığı, mərdliyi, sadəliyi qoruya bilib. Hər kəsə diqqət və qayğı göstərmək, pənah gətirənlərə əl tutmaq, çarəsizlərə həyan olmaq, insanlara gərəkli yaşamaq, təmənnasız yaxşılıq bacarmaq, vəzifənin yaratdığı imtiyazları hissə-hissə bölüb ürəklərə sevinc payı kimi bağışlamaq onun həyat amalı olub.
Üçüncü adam vətəndaşdır. Əsl Azərbaycan vətəndaşı! Tariximizin ən mürəkkəb dövrlərində, müxtəlif mühitlərdə 45 il vəzifələrdə olsa da ruslaşmayan, ingilisləşməyən, xalqımızın ən gözəl keyfiyyətlərini özündə birləşdirən və milli aristokratiyanın etalonu olmağı bacaran, milli dilimizi yeganə tədris dilinə çevirən bir vətəndaş!
Dördüncü adam həm oğul, həm qardaş, həm yoldaş, həm də ata-baba olan insandır! Özü də yalnız valideynlərinə, övladlarına yox, bütün xalqa oğulluq, atalıq etmiş bir insan! Ağsaqqallara sonsuz ehtiramla, yaşıdlarına qardaş səmimiyyəti ilə, müəllimlərə böyük sayğı ilə, uşaqlara doğma bir məhəbbətlə yanaşmağı bacaran insan!
Dünyada nə su, nə od var,
Dünyada nə dost, nə yad var.
Tanrıdan özgə bir ad var:
Adam,
Adam,
Adam,
Adam!..
Bu dörd insanı özündə birləşdirən professor Misir Mərdanov həm də böyük təşkilatçılıq bacarıqları ilə bütün cəmiyyətə mesaj verə bilib ki, xalqın içində olaraq da, özünü sadə bir vətəndaş kimi apararaq da böyük işlər görmək mümkündür. Məhz xalqın içində ola-ola təhsili nazirlik və məktəb çərçivəsindən çıxarıb ictimailəşdirib, nazir olduğu dövrdə təhsillə bağlı 16 dövlət proqramı qəbul edilib, son 100 il ərzində tikilən 4500 məktəb binasından təxminən 3500-ü həmin 15 il ərzində ya inşa olunub, ya da əsaslı təmir edilib, “50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim” layihəsi kimi fantastik planlar reallaşıb, təhsil sistemində sözçülükdən işgüzarlığa keçid təmin edilib, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili kütləviləşib, daha nələr, nələr olub!
Məhz gördüyü nəcib işlərə görə, daxili zənginliyinə görə xalqın içindən keçərək xalqın ürəyinə yol tapıb! Bu ürəyə gəlib çatmaq isə hər adama nəsib olmur! Həmin ürəkdə əbədi qalması arzusuyla…
Fikrət Şiriyev