Müavinət, təqaüd və kompensasiya üçün sənədlər
Nazirlər Kabineti müavinət, təqaüd və kompensasiya təyinatı üçün tələb olunan sənədlərin siyahısını yeniləyib.
Novator.az bildirir ki, aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növündən asılı olmayaraq bu sənədlər və məlumatlar tələb olunur: şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı); ərizə nümayəndə vasitəsilə təqdim edildikdə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
Azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər barədə bu sənədlər zəruridir: məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi tarix; cəzaçəkmə müddəti; cəzaçəkmə müddətinin başlanğıcı; cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə müəssisəsinin ünvanı; məhkumun şəxsi hesabının nömrəsi; məhkumun bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi.
Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növlər üzrə bu sənədlər və məlumatlar da təqdim olunmalıdır:
– çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün – qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
– sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün – qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
– uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün – atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti;
– 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün – qəyyumluğu təsdiq edən sənədin surəti; qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
– 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün – atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;
– 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinətin təyin edilməsi üçün – hərbi həkim komissiyasının qərarının surəti;
– ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün – ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);
– valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün – qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd;
– radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicəyə görə birdəfəlik müavinətin təyin edilməsi üçün – Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun qəza ilə əlaqədar olmasına dair Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi;
– dəfnə görə birdəfəlik müavinətin təyin edilməsi üçün – dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
– cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün – cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti;
– özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi üçün – istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun arayışı və əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti; aylıq ödəncin hansı tarixədək ödənməsini təsdiq edən sənəd;
– Ermənistan Respublikasının müəssisələrində istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın təyin edilməsi üçün – istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarının surəti;
– dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi üçün – dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı;
– valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün – valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarının surəti;
– şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün – şəhid statusunu təsdiq edən sənədin surəti;
– 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına prezident təqaüdünün təyin edilməsi üçün – Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin surəti və ya Böyük Vətən müharibəsi iştirakçısı olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı;
– 20 Yanvar şəhidinin ailə üzvlərinə prezident təqaüdünün təyin edilməsi üçün – “20 Yanvar şəhidi” fəxri adı ilə təltif haqqında vəsiqənin və ya prezidentin müvafiq sərəncamının surəti;
– şəhid ailəsinin üzvlərinə prezident təqaüdünün təyin edilməsi üçün – şəhid statusunu təsdiq edən sənədin surəti;
– Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə prezident təqaüdünün təyin edilməsi üçün – Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif haqqında vəsiqənin və ya prezidentin müvafiq sərəncamının surəti;
– Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə prezident təqaüdünün təyin edilməsi üçün – Milli Qəhrəman adı ilə təltif haqqında vəsiqənin və ya prezidentin müvafiq fərmanının və ya sərəncamının surəti;
– fəxri adlara görə prezidentin aylıq təqaüdünün təyin edilməsi üçün – fəxri adla təltif haqqında vəsiqənin və ya prezidentin müvafiq fərmanının və ya sərəncamının surəti;
– Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə prezident təqaüdünün təyin edilməsi üçün – beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı; beynəlmiləl borcunu yerinə yetirərkən itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilməsi barədə məhkəmənin qərarının surəti;
– müharibə veteranlarına prezident təqaüdünün təyin edilməsi üçün – müharibə veteranı vəsiqəsinin surəti;
– əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə prezident təqaüdünün təyin edilməsi üçün – əmək kitabçasının surəti; fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.