Sentyabrın 27-si Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günüdür. Prezident, ali baş komandan İlham Əliyev Azərbaycan Televiziyası ilə xalqa müraciət edərək bir il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutduğunu xatırladıb: “Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldu. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başladı və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazandı.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu.
Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm – Azərbaycanın prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq”.
Dövlət başçısı qeyd edib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Rəsmi məlumata görə, Vətən müharibəsində 2907 hərbi qulluqçu şəhid olub, 7 hərbi qulluqçu itkin düşüb.