Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sentyabrın 29-u Moskvaya səfər etməyi planlaşdırır. Türkiyənin Haber7.com saytında Ərdoğanın Rusiya prezidenti Vladmir Putinlə müzakirə edəcəyi məsələlərə dair məqalə dərc olunub. Məqalənin müəllifi Haber7.com-un yazarı Taha Dağlıdır. Novator.az saytı “Putinlə müzakirə olunası çox ciddi mövzular var” başlıqlı məqaləni Azərbaycan türkcəsinə çevirərək təqdim edir.
Türkiyənin dövlət başçısı Rəcəb Teyyub Ərdoğanın Rusiyaya səfəri zamanı çox ciddi məsələlərin müzakirəsi gözlənir. Məhz buna görə Kreml Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ikitərəfli münasibətlər yaranandan bəri ən geniş mövzuların müzakirə olunacağı bir görüş kimi dəyərləndirir.
Suriyada müxalifətçilərin iki qalası – Dəra və İdlib var. Rusiya, Suriya rejimi və İran Dəranı alıb. İndi növbə İdlibə çatıb.
İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar aparılsa, bu ərazilərdən insan köçü də başlana və bu, Türkiyəni çətin vəziyyətə sala bilər.
Rusiya hazırda həm İdlibi bombalayır, həm də Türkiyəni günahlandır.
İdliblə bağlı ən son memorandum 2020-ci il martın 5-də imzalanıb.
Meydandakı aqressivliyi nəzərə aldıqda memorandumun yenilənməsinə ehtiyac yaranır.
Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. O, görüş zamanı Suriya ərazisinin 90 faizinə onun, yəni Bəşər Əsəd rejiminin nəzarət etdiyini qeyd edib. Deməli, Putin hesab edir ki, qalan 10 faiz ərazi İdlibdir.
Putin PKK-PYD terror qrupunun işğalı altında olan Fərat çayının şərqindəki ərazini Suriya torpağı saymır.
Əgər Putin riyazi səhvə yol vermirsə, bununla Fəratın şərqindəki terror təşkilatına muxtariyyət verilməsi mesajını vermiş olur. Rusiya əvvəllər də PKK-PYD-yə belə bir jest edib.
Putinin bu sözlərindən iki gün sonra Moskvada Rusiya xarici işlər nazirinin köməkçisi PYD terror təşkilatının lideri, İlham Əhməd adını daşıyan terrorçu qadını (o, bir vaxtlar Qəndildə xidmət etmiş məşhur PKK terrorçusudur) qəbul etdi.
Ortada Qafqaz məsələsi də var.
Bugünlərdə Türkiyə, Azərbaycan və Pakistan birlikdə “Üç qardaş-2021” adlı beynəlxalq təlimlər keçirib.
Türkiyə ilə Azərbaycanın başqa birgə hərbi təlimləri də olub.
Rusiya bunlardan da narahatdır və xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova vasitəsilə öz narahatlığını Bakıya çatdırıb.
Beləliklə, son iki həftədə Rusiya Türkiyəyə qarşı üç taktika işlədib. Ərdoğan-Putin görüşünə qədər, hələ dəyirmi masa qurulmamış Rusiya Türkiyəyə həm İdlib, həm PYD, həm də Cənubi Qafqazla bağlı barmaq silkələyib.
Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən səbəblərə nəzər salaq.
Ukrayna-Türkiyə əlaqələri.
Ukraynanın NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna şifahi razılıq verməsi.
Ukraynanın Krım işğalına münasibəti. Türkiyənin Krımın işğalına əvvəldən baxışı.
Türkiyənin Gürcüstanla müsbət əlaqələri.
Türkiyənin Azərbaycanla yaxınlığı.
Türkiyənin Rusiyanın Liviyada Haftarla bağlı qurduğu planları alt-üst etməsi.
ABŞ-ın Əfqanıstandan çəkilməsinə görə yaranan yeni situasiyanı Rusiyanın təhdid kimi qəbul etməsi və bu məsələdə Rusiyanın yox, Türkiyənin üstünlük qazanması.
Bütün bunlar Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən faktorlardır.
Putin Türkiyə mövzusunda nə vaxt özünü pis hiss etsə, birinci işi İdlibi qarışdırmaq olur. Bu dəfə də belə oldu.
Putinin sonuncu dəfə İdlibdə yaratdığı gərginlikdə 34 türk əsgəri şəhid oldu.
Rusiya İdlibi Türkiyənin zəif yeri kimi görür. Bəli, elədir. Amma İdlib təkcə Türkiyənin deyil, Rusiya və İranın da zəif yeridir.
2020-ci ildə İdlibdə 34 əgərimiz şəhid olan vaxt ordumuz Əsəd rejiminin və İranın 2000-dən çox yaraqlısını, habelə terrorçuları məhv etmişdi.
Onda döyüş meydanlarında ruslar yox idilər. Orada yalnız iranlı terrorçularla Bəşər Əsədin döyüşçüləri vardı və biz onları məhv etdik. Ancaq rusları cəzalandırmağı da unutmadıq.
“Bayraktar”larımız Rusiyanın “Pantsir” adlanan hava hücumundan müdafiə sistemlərini əski parçasına çevirdi.
Rusiyanın İdliblə bağlı “rus ruleti” sayağı oynamaqda israrlı olması Türkiyəyə baha başa gələ bilər, ancaq bu, təkcə bir tərəfə baha oturacaq məsələ deyil.
Rusiya Suriya məsələsində ABŞ-la bir qədər yaxınlaşıb. PYD ilə əlaqələrin sıxlaşması buna konkret nümunədir.
“Əl-Qaidə” terror qruplaşmasına münasibətdə də Rusiya ilə ABŞ ortaq məxrəcə gəlir.
Ancaq “Əl-Qaidə”dən sıyrılan “Həyat Təhrir əl-Şam” qruplaşmasının ABŞ-dan çox Rusiyaya təhlükə törətdiyi də məlumdur. İdlibdə Rusiya, Əsəd və İranı bu təhlükə gözləyir.
Suriyalı müxalif qrupların “Həyat Təhrir əl-Şam”dan asılı olmaması, Suriya Azadlıq Cəbhəsinə sığınması və Türkiyənin bu prosesi dəstəkləməsi göstərir ki, Ankara görüşdən əvvəl Moskva ilə eyni dildə danışmaqda, “Haydı meydana!” deməkdədir.
İdlib problemi növbəti dəfə sarğı qoymaqla sağalası bir problem deyil. Bu problem nə cürsə mütləq həllini tapmalıdır.
Taha Dağlı
Mənbə: Haber7.com