“Putin və hakimiyyət: oğurluq qələbənin dəyəri yoxdur” – isveçrəli jurnalist Andreas Ryuşun bu ay Rusiya Dövlət Dumasına keçirilmiş seçkiyə həsr etdiyi məqalə belə adlanır.
Novator.az-ın məlumatına görə, İsveçrənin alman dilində nəşr olunan “Neue Zürcher Zeitung” qəzetində dərc edilmiş məqalədə deyilir ki, seçkinin nəticələri Rusiya hakimiyyətinə gələcəkdə də Dövlət Dumasından iradəsi zəif bir alət kimi istifadə etmək imkanı yaradır: “Ancaq indi Kreml hakimiyyəti saxlamaq üçün əvvəlkindən daha kobud davranmaq məcburiyyətində qalacaq və bu, Putin üçün ciddi həyəcan siqnalı olmalıdır”.
Artıq uzun zamandır Rusiyada seçkilərin həqiqi seçki həyəcanından uzaq bir proses olduğunu vurğulayan müəllif yazır: “Kremlin 20 il əvvəl formalaşdırdığı Vahid Rusiya Partiyası yarandığı gündən Dövlət Dumasına seçkilərdə qalib gəlir. Manipulyasiyalar, kobud saxtakarlıqlar real siyasətçiləri seçki prosesindən qıraqda qoyur. Amma hər seçki ərəfəsində Putin rejiminin əsəbləri gərilir. Çünki hər dəfə rejim bir yandan seçkini saxtalaşdırmaq, o bir yandan da çoxluğun onun tərəfində olduğunu nümayiş etdirmək kimi ziddiyyətli, riskli prosesləri balanslaşdırmağa çalışır və buna görə daim uçurumun kənarı ilə hərəkət etmək məcburiyyətində qalır. Postsovet məkanındakı digər dövlətlərin təcrübəsindən nəticə çıxaran Kreml anlayır ki, hədsiz saxtakarlıq küçə etirazlarının baş qaldırması təhlükəsini doğurur. Ona görə də meydanı əvvəlcədən yaxşıca “təmizləmək” vacib şərtdir.
Rusiyada seçki demokratiya bayramı demək deyil. Bu ölkədə seçkilər daha çox xüsusi xidmət orqanlarının lazımi nəticəni əldə etmək, sonra ölkəni yarıyuxulu siyasi vəziyyətə qaytarmaq üçün həyata keçirdiyi bir əməliyyata bənzəyir”.
Putin hazırkı seçkinin nəticələrindən məmnun ola bilərmi? Öz sualına müəllif belə cavab verir: “Yəqin ki, yalnız yarısından məmnun olar. İlk baxışdan hər şey gözəl görünə bilər: Vahid Rusiya Partiyası səslərin üçdə ikisini əldə etməklə parlamentdə çoxluq qazanıb. Bu nəticə hakim partiyaya qarşıdakı illərdə Kremlin bütün qanunverici istəklərini, o cümlədən ölkə konstitusiyasına düzəliş təkliflərini avtomatik təsdiqləmək imkanı verir”.
Məqalədə qeyd olunur ki, Dumada hakim partiyadan sonrakı üç yeri qazanan partiyalar yalançı ənənəvi müxalifət rolunu oynayan və illərdir Putinə itaət edən şəxslərin idarə etdiyi partiyalardır: “Yenilik yalnız Yeni Adamlar Partiyasıdır. Ancaq bu partiya da dövlət başçısını dəstəkləyir və hələlik Kremlin növbəti layihəsi təsirini bağışlayır”.
Müəllif hesab edir ki, durumu daha yaxından araşdıranda Kreml düşərgəsində zəifliyin əlamətləri görünür: “Vahid Rusiya Partiyasının proporsional sistem üzrə seçkidə səslərin yarıdan çoxunu qazana bilməməsi faktı onun populyarlığının azalmasından xəbər verir. Əslində bu partiya proporsional sistem üzrə 49,8%-lik payı da kobud manipulyasiya sayəsində qazanıb. Son ictimai sorğular Vahid Rusiya Partiyasının maksimum 30% səs toplaya biləcəyini göstərirdi. Bu, reallığa daha uyğun bir rəqəm olardı”.
Müəllif bildirir ki, hakim partiyanın reytinqinin aşağı düşməsi əvvəlcədən Kremldə ciddi narahatlıq yaradırdı: “Putinin müxalifətə builki alovlu hücumlarının əsas səbəbi də bundadır. Ancaq bu hücumlar da kifayət etmədi ki, Kreml seçkidə kobud qanun pozuntularına getməsin. Dövlət şirkətlərinin işçiləri zorla səsverməyə cəlb olundular. Ukraynanın şərqində ruspərəst separatçıların nəzarətində saxlanan bölgələrin sakinləri Rusiyaya aparıldılar ki, Rusiyanın yeni vətəndaşları kimi Kremlin sandıqlarına xərac versinlər. Paytaxt Moskvada tətbiq olunan elektron səsvermə sisteminin seçki saxtakarlığına yol açdığı barədə də etibarlı sübutlar var”.
Məqalənin sonunda deyilir: “Amma Putin rejimi bu seçkidə legitimliyini gücləndirmək məqsədinə çata bilmədi. Oğurlanmış qələbənin dəyəri olmur. Bu qələbə inandırıcı bir proqrama yox, əhalinin böyük hissəsi üzərində aparılan manipulyasiyalara, təhdidlərə, eləcə də seçicilərin bir hissəsinin biganəliyinə söykənir.
Belə situasiya gələcək üçün yaxşı heç nə vəd etmir. Rusiyada diktatura artıq açıq xarakter alıb. Ölkədəki durğunluq fonunda müxaliflərin həbsini davam etdirmək, getdikcə internetə Çin üslubunda nəzarəti gücləndirmək yolu rejimin bundan sonrakı iş üslubunda daha çox üstünlük təşkil edəcək”.
Rusiya parlamentinin aşağı palatasında – Dövlət Dumasında seçki sentyabrın 17-19-da keçirilib. 450 nəfərlik Dumanın 225 deputatı partiya siyahıları (proporsional sistem) üzrə, 225 deputatı dairələrdən (majoritar sistemlə) seçilib.
İlkin rəsmi nəticələrə görə, hakim Vahid Rusiya Partiyası ümumilikdə 324 mandata sahib çıxır. Kommunist Partiyasının Dumada 57, Ədalətli Rusiya Partiyasının 27, Liberal Demokrat Partiyasının 21, Yeni Adamlar Partiyasının 13, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yüksəliş Partiyasının 1 mandatla təmsil olunacağı görünür. 5 mandatı müstəqil namizədlər götürür.
Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.
Hakim Vahid Rusiya Partiyasına Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir. Medvedyev 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub.
İndiki dövlət başçısı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir olub, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000 və 2004-cü illərdə prezident seçilib. 2008-ci ildən baş nazir kürsüsündə əyləşib, 2012 və 2018-ci illərin prezident seçkilərində qalib gəlib.
Mənbə: Nzz.ch