Nazirlər Kabineti təhsil müəssisələrinin xüsusi karantin rejimi dövründə fəaliyyəti qaydalarını yeniləyib. Novator.az bildirir ki, əsas dəyişikliklərdən birinə görə, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərarı baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyi qəbul edir. Ayrı-ayrı təhsil müəssisələri üzrə müvafiq qərar həmin təhsil müəssisəsində yaranmış sanitar-epidemioloji vəziyyətlə bağlı rəy əsasında çıxarılır.
Başqa bir əsas yeniliyə əsasən, təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin koronavirus pasportunun (peyvənd sertifikatı və ya immunitet sertifikatının) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.
Azərbaycanda təhsil müəssisələri 2020-ci il martın 3-dən koronavirus infeksiyası üzündən qapadılıb. Həmin il sentyabrın 15-dən başlayaraq təhsil müəssisələri mərhələlərlə açılıb. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il qərarı ilə təhsil müəssisələri yenə məsafədən iş formasına keçib, 2021-ci il fevralın 1-dən ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Sentyabrın 22-dən I-IV siniflər əyani tədrisə başlayıb, sentyabrın 29-dan V-XI siniflər, eləcə də ali təhsil və orta ixtisas təhsili müəssisələri eyni addımı atacaq.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, indiyədək 6353 nəfər xəstəlikdən vəfat edib.
2020-ci il martın 31-dən koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi ölkə ərazisinə giriş-çıxışa, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbuluna məhdudiyyət, dəfn istisna olmaqla yas mərasimlərinə, kütləvi tədbirlərə, ictimai yerlərdə şəxslərin gur cəmləşməsinə, istirahət və əyləncə məkanlarının, bir çox mədəniyyət obyektinin fəaliyyətinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinə, masaj və hamam xidmətlərinin göstərilməsinə, şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməsinə yasaqlar nəzərdə tutur.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 3 milyon 406 mindən çox şəxs peyvəndlənmə prosesini bitirib.
Koronavirus xəstəliyini keçirib rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.
İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.
İki doza vaksin vurduran şəxslərə peyvənd sertifikatı verilir.
Peyvənd sertifikatı müddətsizdir.