Bakuresearchinstitute.org saytı devalvasiyadan sonra Azərbaycanda ailə büdcəsinin necə dəyişməsinə diqqət yetirib.
2015-ci ilin devalvasiyaları nəticəsində Azərbaycanda ABŞ dollarının rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə kurs 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Novator.az-ın məlumatına görə, Bakuresearchinstitute.org saytı Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərinə əsaslanaraq yazır ki, 2020-ci ildə adambaşına aylıq istehlak xərcləri devalvasiyadan öncəki 2014-cü illə müqayisədə 26,7% artıb.
Hesabata görə, eyni dövrdə adambaşına aylıq ərzaq xərclərində 35,2%, adambaşına aylıq kommunal və yanacaq xərclərində 35,8%, adambaşına aylıq geyim xərclərində 16,6% artım qeydə alınıb.
2020-ci ildə ərzaq məhsullarına çəkilən xərclərin ümumi xərclərdə payının 2014-cü ilə nəzərən 40,7%-dən 43,4%-ə, kommunal və yanacaq xərclərinin payının 7,4%-dən 7,9%-ə, səhiyyə xərclərinin payının 4,9%-dən 5%-ə yüksəldiyi, istirahət və mədəniyyət xidmətləri xərclərinin payının 4,4%-dən 3,5%-ə, mehmanxana, kafe və restoran xidmətləri xərclərinin payının 8,6%-dən 7,2%-ə, təhsil xərclərinin payının 2%-dən 1,6%-ə düşdüyü vurğulanır.