Hüquqşünas Ənnağı Hacıbəyli ədliyyə naziri Fikrət Məmmədov daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə deyilir: “Oğlum mənə mülkiyyətində olan minik avtomobilini idarə etmək hüququna dair etibarnamə vermişdi. Orada göstərilirdi ki, mən bu hüququ başqasına verə bilərəm. Mən də öz növbəmdə başqa bir ailə üzvümə etibarnamə verdim.
Bir müddət sonra rayona gedərkən Dövlət Yol Polisi (DYP) postunda polis işçisi məni saxladı və planşeti göstərərək bildirdi ki, sizin adınıza olan etibarnaməyə xitam verildiyi üçün bu maşını idarə etmək hüququnuz yoxdur. Səbəbini soruşduqda izah etdi ki, siz kiməsə etibarnamə verəndə adınıza olan etibarnaməyə xitam verilir. Mən hüquqçu olduğumu, etibarnamənin bu qaydada ləğvinin qanunsuz olduğunu izah etməyə çalışdım. Xeyli mübahisədən sonra maşını cərimə meydançasına qoymaqdan və bizi piyada yola salmaqdan vaz keçib tapşırdı ki, Bakıya qayıdan kimi bu məsələni aydınlaşdırım.
Notariat kontorunda mənə izah etdilər ki, DYP-nin sistemində etibarnamə ilə bağlı bir qrafa var və etibar edilmişi başqasına etibar etmə barədə etibarnamə verildikdə birinci etibarnaməyə xitam verilir. Bu qayda nazirliklərin göstərişidir. Bunun qanunsuz göstəriş olduğunu izah etməyə çalışdım, lakin bir nəticəsi olmadı.
Yəqin sizə bəllidir ki, etibarnamə ilə bağlı münasibətlər Mülki Məcəllənin 362-366-cı maddələri ilə nizamlanır. 365-ci maddədə etibarnaməyə xitam verilməsinin əsasları göstərilir və orada başqasına etibar etmə ilə bağlı əvvəlki etibarnamənin ləğvi nəzərdə tutulmur. Deməli, göstəriş qanunvericiliyin yanlış təfsirinə əsaslanır, fiziki və hüquqi şəxslərin hüquqlarını qanunsuz məhdudlaşdırır.
Başqasına etibar etmə nəticəsində etibarnamənin ləğvi barədə izahın qanunsuzluğu həm də onunla sübut olunur ki, Mülki Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibar etmə qüvvədən düşür; 365-ci maddəyə əsasən, etibarnaməyə müddətin bitməsi, əqd tərəflərinin ölməsi, etibarnamə vermiş şəxsin onu ləğv etməsi, etibarnamə verilmiş şəxsin ondan imtinası, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması kimi hallarda xitam verilir; etibar edilmişi başqasına etibar etmə həm də ona görə əvvəlki etibarnaməni ləğv edə bilməz ki, Mülki Məcəllənin 364.2-ci maddəsinə əsasən, səlahiyyət verən müəyyən hallarda səlahiyyət verdiyi şəxsin hərəkətlərinə görə öz hərəkəti kimi məsuliyyət daşıyır.
Mənə izah etməyə çalışdılar ki, başqasına etibarnamə verəndə verilmiş səlahiyyəti başqasına ötürmüş olursunuz və sizdə səlahiyyət qalmadığına görə etibarnaməniz xitam olunur. Bu izah tamamilə yanlışdır və qanunvericiliyin səhv təfsirinə əsaslanır. Başqasına etibar etmə zamanı ilkin etibarnamə üzrə səlahiyyət almış şəxs başqasına öz səlahiyyətlərini deyil, etibarnamə vermiş şəxsin səlahiyyətlərini icra etmək hüququ verir. İlkin etibarnamə almış şəxs isə hər bir halda səlahiyyətlərini saxlayır. Onu bu səlahiyyətdən icra orqanı olan DYP və ya hər hansı kənar şəxs deyil, yalnız etibarnamə vermiş şəxs məhrum edə bilər.
Etibarnamə birtərəfli əqddir və Mülki Məcəllənin əqdlərə dair normalarında da əqdlərin xitamı ilə bağlı elə bir qayda yoxdur.
Deyirlər ki, DYP-nin sistemində etibarnamə ilə bağlı cəmi bir qrafa olduğuna görə etibar edilmişi başqasına etibar etmə barədə etibarnamə verildikdə birinci etibarnaməni sistemdə saxlamağa texniki imkan yoxdur. Bu “əsasla” birinci etibarnaməyə xitam verilməsi arqumenti gülüncdür və regionun lider dövlətinə yaraşan imkansızlıq sayıla bilməz.
Daha bir arqument odur ki, bir neçə etibarnamə olduqda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cəriməni ödəməli şəxsi müəyyən etmək çətin olur, bütün cərimələr sonuncu etibarnamə verilmiş şəxsin adına göndərilir, bu da kütləvi narazılığa səbəb olur. DYP işini asanlaşdırmaq üçün başqasına etibar etmə barədə etibarnamələrə qanunsuz olaraq xitam verir, üstəlik, hüququnu pozduğu şəxsi maşından düşürüb cərimələməklə bir daha onun hüququnu pozur. Bu, dövlət üçün yolverilməz haldır, konstitusiya və qanunların kobud pozuntusudur.
Ümid edirəm ki, praktikada yetərincə geniş yayılmış bu halın aradan qaldırılması üçün tədbir görəcəksiniz”.
1955-ci il təvəllüdlü Ənnağı Hacıbəyli Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Respublika Prokurorluğunda şöbə rəisi, Ədliyyə Nazirliyində idarə rəisi olub. Azərbaycan Hüquqşünaslar Assosiasiyasının qurucusu, hüquq müdafiəçisi, ictimai xadimdir.