ABŞ-ın “Associated Press” agentliyində bu həftə Rusiyada parlamentin aşağı palatasına – Dövlət Dumasına keçiriləcək seçki ilə bağlı yazı dərc olunub.
Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, bir neçə həftəlik dağınıq kampaniyadan, müxalifətə rəsmi səviyyədə törədilən əngəllərdən sonra nəhayət ki, səsvermə günü yaxınlaşıb. Ancaq qeyd olunur ki, bu, “Rusiya siyasətini, ölkənin siyasi simasını dəyişə bilməyəcək bir seçkidir”.
Yazıda bildirilir ki, ekspertlər parlamentin aşağı palatasına seçkidə prezident Vladimir Putinə sadiq qalan Vahid Rusiya Partiyasının Dövlət Dumasında hakim mövqeyini itirəcəyini düşünmürlər.
Moskvanın Karneqi Mərkəzinin analitiki Andrey Kolesnikov “Associated Press”ə açıqlamasında hazırkı seçkidə rəqabətin böyük olmadığını, müxalifyönlü, müstəqil namizədlərin bir çoxunun seçkiyə buraxılmadığını xatırladıb.
O deyib ki, Dumadakı 450 yerin yarısına proporsional qaydada 14 partiyadan namizədlər irəli sürülüb: “İlk baxışdan bu, seçkinin həqiqətən rəqabətli şəkildə keçəcəyi təsəvvürünü yarada bilər. Lakin bu yalnız görüntüdür. Vahid Rusiya Partiyasından başqa Dövlət Dumasında mandat qazanmaq üçün lazım olan 5 faizlik barajı vur-tut üç partiyanın aşacağı ehtimal olunur. Həmin üç partiya isə nadir hallarda Kremlə meydan oxuyur.
Kreml 2024-cü ilə qədər – Putinin hazırkı prezidentlik müddəti bitənədək parlament üzərində nəzarəti saxlamaq istəyir. Çünki Putin 2024-cü ildə hakimiyyətdə qalmaq üçün daha bir müddətə prezident seçilməyə və ya başqa bir strategiya seçməyə qərar verməli olacaq”.
Dövlət Dumasından başqa Rusiyanın 9 regionunda qubernator, 39 bölgədə qanunverici orqanın, 11 şəhərdə şəhər şuralarının üzvləri də seçiləcək. Ölkənin Mərkəzi Seçki Komissiyası pandemiya şəraitində seçki məntəqələrində sıxlıq yarana biləcəyini əsas gətirərək səsverməni üç günədək (17-19 sentyabr) uzadıb. Bəzi ekspertlər isə “Associated Press”ə deyiblər ki, bu qərar səsvermənin nəticələrini saxtalaşdırmaq imkanlarını da artırır.
Seçki rəsmiləri isə bu ittihamları rədd edirlər. Onlar seçki məntəqələrinin hamısında müşahidə kameralarının quraşdırıldığını və bülletenlərin etibarlı qutularda saxlandığını deyirlər.
“Associated Press” Rusiyadakı hazırkı seçkinin digər problemlərinin də olduğunu yazır. Məsələn, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin məlumatına görə, ölkədə seçkilər zamanı hər 10 işçidən biri və ya bir neçəsi səsvermə üçün öz rəhbərindən təlimat alır.
Sankt-Peterburq Şəhər Məclisinə seçki ərəfəsində Yabloko Partiyasının namizədi Boris Vişnevski isə xəbər tutub ki, onunla eyni dairədə rəqabət aparan iki namizəd ad-soyadını dəyişib. İndi onların da adı Boris, soyadı Vişnevskidir. “Oxşarlar” bu yolla əsas namizədin – əsl Boris Vişnevskinin səslərinin bölünməsinə çalışırlar.
“Associated Press” qeyd edir ki, sosioloji sorğular Vahid Rusiya Partiyasının seçicilərdən böyük dəstək qazanacağı ehtimalının aşağı olduğunu göstərir, amma rəsmi nəticələrdə, heç şübhəsiz, hakim partiyanın parlamentdə səs çoxluğu qazandığı elan ediləcək.
Müstəqil Siyasət Mərkəzi hakim partiyanın hazırda sahib olduğu 343 mandatdan daha az – 299-306 yerə sahiblənəcəyini proqnozlaşdırır.
Mərkəz Vahid Rusiya Partiyasının itirdiyi mandatlara parlament fraksiyaları sırasında ikinci yerdə gələn Kommunist Partiyasının yiyələnəcəyini ehtimal edir. Ancaq Kommunist Partiyası və ikirəqəmli sayda mandat qazanacağı ehtimal olunan daha iki partiya Kremlin tutduğu xəttə elə də problem yaratmır.
Mənbə: Apnews.com