Sentyabrın 15-dən Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzinin litri 1 manat 60 qəpiyə, Aİ-98 (“Super”) markalı benzinin litri 1 manat 90 qəpiyə yüksəlib. Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli yazır ki, hər iki benzinin qiymətini Dövlət Neft Şirkəti (SOCAR) qaldırır: “İnhisarçıdır, bazara kimsəni buraxmır, qiyməti diktə edir. Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətində qalxma büdcəyə əlavə vəsait gətirmir, vəsait SOCAR-a daxil olur, inhisarçı şirkət qazanır.
SOCAR Aİ-95-də qiymət artımını benzinin dünya qiymətində yüksəlişlə əsaslandırıb. Birincisi, utansınlar ki, böyük neftçıxarma tarixi olan Azərbaycanda keyfiyyətli benzin istehsalı qura bilmirlər. İkincisi, yalan danışırlar – ölkəyə gətirilən Aİ-95 markalı benzinin 72 faizi Rusiyadan alınır, son iki həftədə həmin ölkədə Aİ-95 markalı benzinin litrinin pərakəndə satış qiyməti bizim pulla 22 qəpik azalıb. Sentyabrın 15-də Aİ-95-in litri Rusiyada 49,76 rubla satılıb, bu isə 1 manat 17 qəpik edir.
Topdansatış qiyməti 10 faiz ucuzdur – SOCAR topdansatış qiyməti və daimi müştəri endirimi ilə alır, deməli, Aİ-95-in litri SOCAR-a təqribən 1 manat 5 qəpiyə başa gəlir. Daşınma xərci hər litrə görə maksimum 2-3 qəpikdir. SOCAR Aİ-95-i Rusiyadan 1 manat 7 qəpiyə alıb niyə 1 manat 60 qəpiyə satır?
İnternetdə araşdırdım, Azərbaycan sərhədinə qədər litri 42,3 rubla Aİ-95 benzini tapdım. İmkan versinlər, gətirim yanacaqdoldurma stansiyalarına 1 manat 25 qəpiyə satım, onlar da 5 qəpik əlavə edib camaata 1 manat 30 qəpiyə satsınlar. Çox demirəm, ayda 10 vaqon gətirməyə imkan versinlər.
Sən bazara heç kimi buraxma, rəqabət olmasın, bir şirkət bütün bazara qiymət diktəsi etsin, bunun adını da biznes qoy”.
Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.