Cəmil Həsənli
Tarix elmləri doktoru
Azərbaycan-Ermənistan sərhədində ən kövrək yerlərdən biri Laçın rayonunun Qaragöl ərazisindən keçir. 1921-ci ilin sərhəd müzakirələri zamanı Qaragölün Azərbaycan ərazisi olması barədə heç bir mübahisə yox idi. 1927-1929-cu illərdə Zaqafqaziyanın sovet respublikaları arasında sərhədlərin son dəqiqləşdirmə işləri aparılanda Qaragöl gölü bütövlükdə Azərbaycanın ərazisinə düşdü və bu, yeni hazırlanan xəritələrdə də öz əksini tapdı. Həmin illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi sərhədlərin dəqiqləşdirilməsinin yekunlarını təsdiqlədi. Rəsmi sənədlərdə bu ərazi Qaragöl adlandı və onun ətrafındakı coğrafi məntəqələr Keçəl dağ, Sarı dağ, Böyük işıqlı, Kiçik işıqlı, Dəmir daş, Boz dağ (dağlar); Ayı dərəsi, Əyriqar, Qanlıca, Dəlicəli, Boz dağ (yaylaqlar); Məscid (ibadət yeri); Qara Məmmədli, Qanlıca (qəbiristanlıqlar) kimi qeydə alındı. Bütün bu dəqiqləşmələr həmin dövrdə SSRİ Xalq Komissarları yanında Geodeziya və Kartoqrafiya İdarəsinin hazırlayıb Moskva və Tiflis mətbəələrində nəşr etdiyi xəritələrdə təsbit olundu.
Lakin ötən əsrin 30-cu illərindən başlayaraq Ermənistan SSR Qaragöl məntəqəsini mənimsəmək cəhdlərinə başladı. 1930-1932-ci illərdə Azərbaycanın heyvandarlıq təsərrüfatının istifadə etdiyi, 300 hektardan artıq sahəsi olan yaylaqlar mübahisələndirildi və 1934-cü ildə bu sahələrin yarıya qədəri azərbaycanlıların əlindən alındı.
1950-ci ildən başlayaraq bu, açıq xarakter aldı. 1951-ci ildə SSRİ Nazirlər Soveti Azərbaycan heyvandarlarının Qaragöl və ətrafında yerləşən dədə-baba yaylaqlardan istifadəsini qadağan etdi. Uzun müddət Azərbaycan buna müqavimət göstərsə də, 1967-ci ildə SSRİ mərkəzi orqanlarının birbaşa müdaxiləsi ilə proses başa çatdırıldı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi 1967-ci ilin iyununda və 1968-ci ilin mayında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciət etsə də, məsələni həll etmək mümkün olmadı. Əvəzində 1968-ci il iyunun 10-da və 20-də SSRİ Nazirlər Soveti, iyunun 23-də isə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi hər iki respublikaya ərazi mübahisələrini nizama salmaq tapşırığı verdi. Nəhayət, 1968-1969-cu illərdə Ermənistan tərəfi Sovet Azərbaycanı rəhbərliyinin qorxaqlığı və mütiliyindən istifadə edərək Qaragölü də Azərbaycan ərazisi kimi təsbit etmiş sərhədləri mübahisələndirib ona yenidən baxılmasına nail oldu.
1968-1969-cu illərdə bu məsələyə yenidən baxanda müdhiş bir saxtakarlığa yol verdilər. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sərhədlərin dəqiqləşdirilməsi haqqında yekun qərarına əl gəzdirildi, bəzi yer adları xəritələrdən çıxarıldı. Məsələn, 30-cu ilin xəritələrində əks olunmuş “Dəmir daş” məntəqəsini xəritədən silməklə ermənilər Qaragöl istiqamətində sərhədi 7 kilometr Azərbaycan tərəfə “sürüşdürə” bildilər, bu da Laçın rayonunun Telman adına kolxozunun istifadə etdiyi Qaragöl yaylağının Ermənistanın Gorus rayonunun istifadəsinə keçməsinə gətirib çıxardı. 1969-cu ildə Qaragöl iki respublikanın şərikli dövlət qoruğu elan edilsə də, yeni təftişdən sonra sərhədlər açıq saxlandı və Qaragöl faktiki olaraq Ermənistanın istifadəsinə verildi.
Lakin Laçının Qaraqışlaq kəndinin və digər yaxın kəndlərin sakinləri bu saxtakarlıqla barışmadılar. 1969-cu ilin mayında hər iki respublikanın Ali Soveti sənədlərin saxtalaşdırılması nəticəsində baş vermiş bu dəyişiklikləri təsdiq etdi.
1972-ci ildən başlayaraq Qaraqışlaq kəndinin sakinləri SSRİ-nin müxtəlif rəhbər orqanlarına, “Pravda” və “İzvestiya” qəzetlərinin redaksiyalarına çoxsaylı ərizə və şikayətlər yazaraq qeyri-qanunu yolla, sənədlərin saxtalaşdırılması yolu ilə onların əlindən alınmış torpaqları geri tələb etməyə başladılar. 1987-1988-ci illərdə Laçın rayonunun Telman adına sovxozu üzvlərinin, Qaraqışlaq kənd əhalisinin çoxsaylı müraciətləri nəticəsində hər iki respublikanın komissiyaları yaradıldı, ancaq məsələnin həlli sona çatdırılmadı, problemi həll edilmək əvəzinə 1987-ci il noyabrın 17-də hər iki respublikanın Nazirlər Sovetinin qərarları ilə Qaragöl ərazisi respublikalar arası dövlət qoruğu kimi saxlandı. Faktiki olaraq Qaragöl və ətrafını qeyri-qanuni olaraq Gorus rayonunun nəzarətində saxlamağa şərait yaratdılar, yəni 1969-cu ildəki vəziyyəti davam etdirməyi uyğun bildilər.
Hazırda məsələnin köklü, tarixi sənədlərə uyğun həll edilməsi, Qaragöl ətrafında baş vermiş saxtakarlıqları, səhlənkarlıqları aradan qaldırmağın, ötən əsrin 30-cu illərində Moskvada, Tiflisdə nəşr olunmuş xəritələrdəki qanunsuz dəyişiklikləri aradan qaldırmaq üçün əlverişli şərait yaranıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.