Rusiyada seçkilər: kimləri qıraqda qoyublar?
- 15 Sentyabr 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Bu həftə Rusiyada Dövlət Dumasına, həmçinin bəzi regionlarda məclislərə və qubernator postlarına seçkilər olacaq. Kimləri bu seçkilərdən qıraqda qoyublar? Novator.az saytı “The Moscow Times” qəzetində bununla bağlı dərc edilmiş yazını ingiliscədən çevirərək təqdim edir.
Sentyabrın 19-da Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına keçiriləcək seçkidə əvvəlki kimi böyük rəqabət olmayacaq. Buna səbəb bir sıra müstəqil və müxalifyönlü namizədlərin seçkiyə buraxılmamasıdır.
19 sentyabr seçkisi son illər nüfuzunu itirməkdə olan hakim Vahid Rusiya Partiyasının dirçəlişinə, dəstək qazanmasına hesablanıb.
Duma seçkisində 450-dək mandat uğrunda mübarizə aparılacaq. 19 sentyabrda rusiyalılar 39 regionda yerli qanunverici orqanların üzvlərini və 9 regionda qubernatorları da seçəcəklər. Üç bölgənin rəhbərini isə əyalət deputatları seçməlidir.
Kremlin hazırda həbsdə olan tənqidçisi Aleksey Navalnının təşkilatlarına “ekstremist” damğası vurulduğuna görə bu qurumların üzvlərinin adları seçki bülletenlərindən çıxarılıb. Rusiyanın ən fəal müxalif qüvvəsi indi öz tərəfdarlarından “Ağıllı səsvermə” strategiyasına riayət olunmasını umur. Strategiyanın hədəfi hansı partiyanı təmsil etməsindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq şansı olan şəxsə səs verməkdir.
Ancaq Navalnı ilə əlaqəli olmayan bir çox namizədin də adı müxtəlif arqumentlərlə seçki bülletenlərindən kənar edilib.
Seçkiyə qatılmasına imkan verilməyən ən məhşur namizədlərdən bəzilərini təqdim edirik.
Navalnının müttəfiqləri
Aleksey Navalnının əsas müttəfiqi Lyubov Sobol “ekstremist” təşkilatların üzvlərinin seçkidə namizədliyini qadağan edən yeni qanun qəbul olunandan sonra Dövlət Dumasına namizədliyini geri götürub.
Lyubov Sobol Navalnının iyun ayında “ekstremist” damğası vurulan Korrupsiya ilə Mübarizə Fondunda hüquqşünas işləyirdi.
Moskvanın Krasnoselsk Rayon Məclisinin sədri İlya Yaşin Moskva Şəhər Dumasına seçki kampaniyasını dayandırmaq məcburiyyətində qalıb. Şəhər seçki komssiyası onu kənarda qoyarkən “terrorçu” və ya “ekstremist” təşkilatla əlaqəsi olan şəxslərin dövlət vəzifələrinə namizədliyini qadağan edən qanunu əsas gətirib.
İlya Yaşin bəyan edib ki, əslində o, heç vaxt Navalnının təşkilatlarında çalışmayıb. Yaşin komissiyanın qərarının onun Navalnıya dəstəyi ilə bağlı olduğunu vurğulayıb.
Aleksey Navalnının Moskvadakı qərargahının sabiq rəhbəri Oleq Stepanov da seçki hüququndan məhrum edilib. Ona da “ekstremist” damğası vurulub və imza toplamasına yasaq qoyulub.
Oleq Stepanov bu ilin yanvarında öz tərəfdarlarını etiraz aksiyalarına səslədiyinə görə koronavirus pandemiyası qaydalarını pozma ittihamı ilə bir il müddətinə həbsə məhkum edilib.
Navalnının Peterburq qərargahının keçmiş rəhbəri İrina Fatyanovaya Sank-Peterburq Məclisinə namizədliyini irəli sürmək qadağası qoyulub. İrina Fatyanovanın sözlərinə görə, yerli seçki komissiyası Navalnının şəbəkələrini “ekstremist” hesab edən Moskva məhkəməsinin qərarını əsas gətirib və onu “ekstremist” təşkilata rəhbərlik etməkdə günahlandırıb.
Aleksandra Semyonovanın Perm Şəhər Dumasına namizədliyi Sverdlovsk Rayon Məhkəməsinin hökmü ilə ləğv edilib. Məhkəmə onu Navalnıya yaxın qruplardan birinin üzvü olmaqda təqsirli bilib.
Aleksandra Semyonova Navalnının Perm qərargahının sabiq koordinatoru Sergey Uxovun həyat yoldaşıdır.
Aleksandra bu ilin yanvar və aprel aylarında Navalnıya azadlıq tələbi ilə keçirilən etiraz aksiyalarında iştirak edib.
Kommunistlərin namizədi
Rusiya Kommunist Partiyasının əsas namizədlərindən biri Pavel Qrudininin də Dövlət Dumasına keçiriləcək seçkiyə qatılması yasaqlanıb. Onun ölkə xaricində mülklərə sahib olduğu iddia edilir. Qrudinin bu ittihamı rədd edərək baş verənlərin arxasında siyasi motivin dayandığını vurğulayır.
Biznesmen Pavel Qrudinin 2018-ci ildə Rusiyada keçirilən prezident seçkisində Vladimir Putinin rəqibi olub. Dumaya hazırkı seçkidə o, kommunistlərin namizədlər siyahısında üçüncü yerdə olmalı idi.
Yabloko Partiyasının namizədləri
Moskva müxalifətinin təmsilçisi, Yabloko Partiyasının dəstəklədiyi Yuliya Qalyaminanın Dövlət Dumasına seçkidə iştirakı qadağan edilib. Səbəb kimi onun 2020-ci ildə kütləvi aksiyalarla bağlı qanunu dəfələrlə pozması göstərilib. Yuliya Qalyamina seçkidə iştirakına qoyulan qadğanı siyasi sifariş adlandırıb.
Rusiyanın Pskov əyalətində regional məclisin deputatı, tanınmış siyasi xadim və hüquq müdafiəçisi, Yabloko Partiyasında Navalnının qatı tərəfdarı kimi tanınan Lev Şlossberqə Dövlət Dumasına namizədliyini irəli sürməyə imkan verilməyib. Onu da “ekstremist” qüvvələrlə əlbir olmaqda günahlandırıblar.
Yabloko Partiyasının daha iki namizədi – Altay Respublikasından olan siyasi fəal Viktor Rau və Nijeqorod vilayətindən namizədliyini irəli sürməyə çalışan jurnalist Natalya Rezontova da “ekstremist” ittihamları ilə seçkidən kənarlaşdırılıblar. Onların adlarının seçki bülletenlərindən çıxarılmasına səbəb Navalnıya builki dəstək aksiyalarında iştirak etmələri olub.
Yabloko Partiyasının Tatarıstan Respublikasından olan digər təmsilçiləri – Yelena İzotova və Ruslan Zinatullinin də adları deputatlığa namizədlər siyahısında yoxdur. Hər iki siyasi fəal “ekstremist” fəaliyyətdə ittiham olunur.
Saxa Respublikasından deputatlığa namizəd Anatoli Noqovitsin də oxşar qərarla üzləşib. Seçki komissiyasından ona “ekstremist” təşkilatla əlaqədə olduğunu bildiriblər.
Etiraz aksiyalarındakı iştirakına görə 2019-cu ilin yayında həbs olunan, müxalif namizədlərin Moskva Dumasına seçkilərdən kənar tutulmasına qarşı çıxan siyasi fəal Aleksey Minyaylo Yabloko Partiyasının təmsilçisi kimi seçkilərə qatılmaq istəsə də, partiya onun namizədliyini dəstəkləməyib.
Müstəqil namizədlər
Xabarovsk vilayətinin keçmiş qubernatoru, hazırda həbsdə olan Sergey Furqalın oğlu Anton Furqala da Dövlət Dumasına keçiriləcək seçkiyə qatılmaq imkanı verilməyib. Vilayət seçki komissiyası Anton Furqalın topladığı imzaların 48%-nin etibarsız olduğu barədə qərar çıxarıb.
Anton Furqal seçki prosesindən uzaqlaşdırılmasını siyasi sifariş sayır.
Anton atasının həbsinə etiraz olaraq Xabarovskda bir ay davam edən etiraz aksiyalarından sonra namizədliyini irəli sürmüşdü.
Moskva Seçki Kommisiyası 26 yaşlı müstəqil namizəd Roman Yunemanın da namizədliyini qeydə almayıb.
Yüksəliş Partiyası
Yüksəliş Partiyasının Dövlət Dumasına namizəd irəli sürdüyü Rafail Qibadullinin, Maqomed Maqomedaliyevin, Yelena Motovanın, Yevgeniya Orlovanın, Aleksey Urıvayevin və Zaur Şahbanovun da adları seçki bülletenlərinə salınmayıb. Səbəb kimi onların guya xaricdə maliyyə aktivlərinin olması göstərilib.
Mənbə: Themoscowtimes.com