ABŞ-ın “Forbes” jurnalında “Koronavirus peyvəndindən kimlər və niyə imtina edir?” başlıqlı məqələ dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, hazırda ABŞ-ın yüz mindən çox sakini COVİD-19 infeksiyası səbəbindən xəstəxanadadır və virusdan hər gün mindən çox adam həyatını itirir. Onların arasında bütün təbəqələrdən olan insanlar – varlılar, kasıblar, səhiyyə işçiləri, gənclər, yaşlılar var.
“Forbes” yazır ki, Kayzerlər Ailəsi Fondunun hesabatına əsasən, infeksiyaya yoluxanların 98%-dən çoxunun bir ortaq cəhəti var: vaksin əlçatan olsa da, peyvəndlənməyiblər.
Məlum olduğu kimi hazırkı yoluxmalara “peyvənd olunmayanların pandemiyası” adı verilib. İctimai səhiyyə orqanlarının hesabatlarında da indiki yoluxmalara məhz bu cür yanaşılır.
“Forbes” yazır ki, peyvəndlənmək hüququ və imkanı ola-ola milyonlarla amerikalı yenə də vaksin vurdurmur. Belə görünür ki, ABŞ dövlətinin vaksinləri rəsmən təsdiqləməsi peyvəndlənənlərin sayına, insanların bu məsələdə mövqeyinə elə də təsir edə bilməyib.
Kayzerlər Ailəsi Fondunun apardığı sorğuda 18-29 yaşlı gənclərin 21%-i heç vaxt peyvəndlənməyəcəyini deyib.
30-49 yaş arası respondentlərin 58%-i vaksinin ən azı bir dozasını qəbul edəcəyini bildirsə də, 19%-i heç vaxt peyvənd olunmayacağını söyləyib.
Sorğu göstərib ki, ABŞ-da Respublikaçılar Partiyasının üzvlərinin və tərəfdarlarının 46%-i hələ vaksin vurdurmayıb. Bu qrupdan olan respondentlərin 20%-i ümumiyyətlə peyvəndlənmək fikrində olmadığını bəyan edib.
Demokratlar Partiyasına gəlincə, vəziyyət xeyli dəyişir. Demokratların yalnız 5%-i heç vaxt peyvənd olunmayacağını deyib, 86%-i isə ən azı bir doza qəbul etmək fikrində olduğunu bildirib.
“Morning Consult” şirkətinin apardığı sorğunun nəticələrinə görə, Cənubi Dakota ştatında sakinlərin 33%-i vaksin vurdurmaq fikrində deyil.
Aydaxo ştatında sakinlərin 32%-i, Alyaska ştatında 29%-i, Oklahoma ştatında 29%-i, Missisipi ştatında 26%-i, Luiziana ştatında 22%-i vaksin vurdurmaq istəmədiyini söyləyib.
“Morning Consult”un sorğusu kənd təsərrüfatı işçilərinin 37%-nin, tikintidə çalışanların 27%-nin, qida və içki sektorunda işləyənlərin 24%-nin, texnologiya sahəsində çalışanların 12%-nin peyvənddən imtina etdiyini üzə çıxarıb.
Maliyyə xidməti işçilərinin 71%-i isə peyvənd olunub.
“Morning Consult”un sorğusunda tibb işçilərinin 68%-i vaksinin ən azı bir dozasını qəbul etdiyini açıqlayıb, amma 17%-i peyvəndlənmək istəmədiyini söyləyib.
Sorğu zamanı kollec təhsili olmayan gənclərin 22%-i, kollec məzunlarının 10%-i, aspirantların 7%-i heç vaxt peyvənd olunmayacağını deyib. Kollec məzunlarının 78%-i, aspirantların 83%-i peyvəndləndiyini bildirib.
İnsanlar niyə vaksindən imtina edirlər?
İnsanlar niyə peyvənd olunmaq istəmirlər? “Forbes” yazır ki, müxtəlif qrupdan olan insanlar peyvəndlənməmək üçün fərqli səbəblər göstərirlər, ancaq bəzi oxşar cəhətlər də var.
Vaksindən imtina edənlərin 75%-i COVİD-19 infeksiyasına və vaksinə xüsusi yanaşma sərgiləyir.
Kayzerlər Ailəsi Fondunun sorğusu zamanı belə respondentlərin 90%-i koronavirus infeksiyasına yoluxmaqdan narahatlıq keçirmədiyini və peyvəndlərin effektinə inanmadığını ifadə edib.
Peyvəndlənmək istəməyən respondentlərin 17%-i vaksin istehsal edən şirkətlərə etibar etmədiyini vurğulayıb.
14%-i isə düşünür ki, iynələr koronavirusdan ölüm halının qarşısını almaqda acizdir.
Ümumən peyvəndlərin əleyhinə olanlar 12% təşkil edir.
“Morning Consult” şirkətinin sorğusu zamanı peyvəndlənmək istəmədiyini deyənlərin 36%-i vaksinin xeyirdən çox ziyanı olduğunu düşünür.
31%-i isə vaksinlər üzrə kliniki sınaqların alayarımçıq aparılmasından ehtiyatlanır.
Məqalənin sonunda “Forbes” qəzeti elmi tədqiqatların nəticələrinə istinadla vurğulayır ki, peyvəndlər koronavirusa yoluxmuş insanların ağır xəstələnməsi, xəstəxanaya düşməsi və ölməsi riskini xeyli aradan qaldırır.
Mənbə: Forbes.com