Avropanın hansı ölkələrində 12 yaşdan yuxarı uşaqlar koronavirus infeksiyası əleyhinə peyvəndlənirlər?
Novator.az-ın məlumatına görə, “Euronews” kanalının internet səhifəsində bununla bağlı yazı dərc edilib.
Yazıda bildirilir ki, bu ilin may ayında Avropa Dərman Agentliyi 12-15 yaş arası uşaqların “Pfizer” vaksini ilə peyvəndlənməsinə icazə verib. Növbəti ayda agentlik 12-17 yaş arasında olanların “Moderna” vaksini ilə peyvəndlənməsinə də razılaşıb.
Həmin vaxt keçirilən sınaqlar peyvəndlənmiş 12-15 yaş arası 2259 uşağın vaksinə qarşı immun reaksiyasının 16-25 yaş arası insanlardakı səviyyədə olduğunu göstərib.
“Euronews”un materialında xatırladılır ki, səhhətində heç bir problem olmayan uşaqların koronavirusa qarşı peyvəndlənməsi məsələsi ətrafında xeyli müzakirə, mübahisə aparılıb. Çünki sağlam uşaqların COVİD-19 infeksiyasını ağır keçirməsi riski aşağı qiymətləndirilir.
Müzakirələrə cavab olaraq Avropa Dərman Agentliyi peyvəndin yan təsirlərinin uşaqlarda özünü çox məhdud sayda büruzə verdiyini, ciddi əks təsirlərin qeydə alınmadığını bəyan edib. Ümumən agentliyin mütəxəssisləri bu qənaətdədirlər ki, yeniyetmələrə münasibətdə də peyvəndin xeyri ziyanından çoxdur.
Avropa Dərman Agentliyi son aylarda 12-18 yaşlı uşaqlar və yeniyetmələr üçün peyvəndləri təsdiqləsə də, Avropa Birliyi ölkələrinin heç də hamısının hökuməti bu qərarla hərəkət etmir. Ancaq istənilən halda birlik ölkələrinin çoxu 12 yaşdan yuxarı uşaqlar üçün vaksinasiya proqramını işə salıb.
Fransa iyunun 15-dən uşaqların peyvəndlənməsi prosesini həyata keçirir. Ölkədə 12-17 yaş arası yeniyetmələrin 56%-nə vaksinin bir dozası, 32,4%-nə isə hər iki dozası vurulub.
İtaliyada yeniyetmələrin 49,86%-i vaksinin birinci, 28,39%-i hər iki dozasını qəbul edib.
İspaniya Səhiyyə Nazirliyinin 20 avqust hesabatına görə, ölkədə 12-19 yaş arasında insanların 55,4%-nə koronavirus əleyhinə peyvəndin birinci dozası vurulub.
Danimarka hökumətinin 10-19 yaş arası insanlarla bağlı təqdim etdiyi hesabata əsasən, ölkədə bu yaş qrupuna daxil olan insanların 58,2%-i bir dozada, 43,6%-i hər iki dozada peyvəndlənib.
Almaniyada avqusun 16-dan 12 yaşdan yuxarı bütün uşaqlara COVİD əleyhinə peyvənd təklif olunur.
Polşada avqustun 16-dək 12-17 yaşlarında insanların 685 min nəfərindən çoxuna peyvəndin ilk dozası, 577 mindən çoxuna isə hər iki dozası vurulub.
İsveçrədə 12 yaşdan yuxarı uşaqlara “Pfizer” vaksininin vurulmasına icazə iyun ayının əvvəlində verilib. Avqustun 22-də dərc edilən rəsmi statistikaya görə, 10-19 yaş arası insanların 17,9%-i (150 min nəfər) peyvəndin ən azı bir dozasını qəbul edib.
İsveçdə 16-18 yaş arası insanların peyvəndlənməsinə avqust ayından başlanıb. 12-15 yaşlarında olanlar isə yalnız virusa yoluxma riski qrupuna aiddirlərsə, yaxud həssas qrupa aid adamlarla bir yerdə yaşayırlarsa, peyvəndlənə bilərlər.
İngiltərədə avqustun 23-dən 16-17 yaşlı yeniyetmələrə peyvənd təklif olunur. Yaxın zamanda bu ölkədə valideynləri ilə birlikdə yaşayan, virusa yoluxma ehtimalı böyük olan 12-15 yaşlı uşaqlara da peyvəd təklif ediləcək.
Şimali İrlandiyada 16-17 yaşlı yeniyetmələr yaxın həftələrdə peyvəndlənmək hüququ qazanacaqlar.
İrlandiyada avqustun 11-dən 12-15 yaşlı uşaqların vaksinasiyası üçün qeydiyyat portalı işə düşüb. Artıq bu qrupdan olan 30 min uşağa vaksinin ilk dozası vurulub.
Avropa Birliyinə daxil olan ölkələrdə böyüklərin 76%-i koronavirus infeksiyası əleyhinə peyvənd olunub. Birliyə daxil olmayan Avropa ölkələrində də vəziyyət təxminən eynidir.
Mənbə: Euronews.com