ABŞ-ın “Vaşinqton Post” qəzetində pandemiyanın əmək bazarında qadınlara təsirinə dair məqalə dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, pandemiyanın ilk ilində bütün dünyada 54 milyon qadın işsiz qalıb. Nəticədə məşğulluq sahəsində gender fərqi güclənib.
Qəzetin yazdığına görə, 2020-ci ildə işini itirən qadınların 90%-i işçi qüvvəsindən tamamilə kənarda qalıb. Kişilərlə bağlı bu göstərici 70% təşkil edir. Yəni 2020-ci ildə işini itirən kişilərin 70%-i işçi qüvvəsindən tam kənarlaşıb.
Məqalədə deyilir ki, dünyada onsuz da məşğulluq sahəsində qadınlarla kişilər arasında nisbət həmişə qeyri-bərabər olub, işləyən qadınların sayı işləyən kişilərdən az olub. Pandemiya dövründə isə vəziyyət daha da gərginləşib. Bəzi ölkələrdə qadınların işçi qüvvəsində sayı kəskin şəkildə aşağı düşüb. Səkkiz ölkədə qadınların işçi qüvvəsində iştirakı 2019-cu illə müqayisədə 6 faizdən çox azalıb.
Pandemiya məşğulluq zəmanəti, müntəzəm iş qrafiki və ya güzəştlər olmadan çətin şəraitdə işləyən qadınların sayının artmasına da gətirib çıxarıb.
Bir çox ölkədə qadınların karantin səbəbindən fəaliyyətsiz qalan mehmanxana biznesi, pərakəndə ticarət, ictimai-iaşə kimi xidmət sahələrində yüksək vəzifələrdə təmsilçiliyi qeyri-bərabər şəkildə bölüşdürülüb.
Dünya Əmək Təşkilatının hesabatına əsasən, 2020-ci ildə bütövlükdə dünyada kişilərin məşğulluq səviyyəsi 3%, qadınların məşğulluğu 4,2% aşağı düşüb.
Dünya İqtisadi Forumunun icraçı direktoru Sədiyə Zahidi deyib ki, gender bərabərliyinə nail olmaq üçün xeyli vaxt lazım gələcək. O, iş yerlərinə qayıdış məsələsində də qadınlarla kişilər arasında qeyri-bərabərliyin hökm sürməsi riskinin artdığını vurğuylayıb.
“Vaşinqton Post”un məqaləsində qeyd olunur ki, tədqiqatlar qadınların yalnız iş yerlərini itirməkdən deyil, habelə ödənişsiz iş saatlarından əziyyət çəkdiyini göstərir. Çünki qadınlar evdə uşağa baxmaq, onların təhsili ilə məşğul olmaq və yaşlılara qulluq etmək kimi məsuliyyətləri də öz üzərlərinə götürürlər.
Dünya Əmək Təşkilatının məşğulluq strategiyası bölməsinin rəhbəri Şer Verik bildirib ki, pandemiyanın təsiri hələ tam aydın olmasa da, dünyanın ciddi gender bərabərsizliyi təhlükəsi ilə üz-üzə qaldığı göz qabağındadır. Bu isə son yüz ildə dünyanın əldə etdiyi uğurların itirilməsi təhlükəsinin ortaya çıxması deməkdir.
Mənbə: Washingtonpost.com