ABŞ-ın “Vaşinqton Post” qəzetində “Apple” və “Google” Aleksey Navalnının susdurulmasına ortaq olmamalıdır” başlıqlı redaksiya məqaləsi dərc edilib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
“Apple” və “Google” texnologiya nəhəngləri xarici hökumətlərin tələbləri ilə qarşılaşanda bir qayda olaraq belə cavab verirlər ki, onların yürütdüyü siyasət yerli qanunlara söykənir.
İndi Rusiyanın internet senzurası bu ay ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində “Apple” və “Google” şirkətlərindən həbsdə olan müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının yararlandığı “Ağıllı səsvermə” tətbiqini tətbiqlər sistemindən çıxarmağı tələb edir və şirkətlərin bundan imtina edəcəyi təqdirdə onları məhkəmə iddialarıyla, cərimələrlə hədələyir. “Apple” və “Google” təmkin göstərməli və tələbi yerinə yetirməkdən boyun qaçırmalıdır.
Ötən il Rusiyanın güc strukturları Navalnını kimyəvi silahla öldürməyə cəhd etdi. Navalnı sağ qaldı və hazırda tam əsassız ittihamlarla Rusiyada həbsdədir.
Son aylar Rusiya prezidenti Vladimir Putinin hökuməti Navalnının Korrupsiya ilə Mübarizə Fonduna və digər təşkilatlarına “ekstremist” damğası vurub və onları bağlayıb.
İyul ayında senzura Navalnının saytını və fondla əlaqəli 40-a yaxın portalı bloklayıb. Navalnının yaxın köməkçiləri xaricə qaçmalı olublar. “Ağıllı səsvermə” – Navalnının taktiki seçki layihəsidir, o, bu təşəbbüsü Kremlin dəstəklədiyi Vahid Rusiya Partiyasına meydan oxumaq üçün irəli sürüb.
“Ağıllı səsvermə” platforması seçicilərə Putin partiyasına rəqib olan yerli namizədləri tapmaqda kömək edir. “Apple” və “Google” şirkətləri Rusiya senzurasına Navalnını susdurmaq cəhdlərində iştirak etməyəcəklərini bildirməlidirlər. Məsələ qanuna riayət etməkdə deyil. Qanunları təhrif ediblər, məqsəd də o olub ki, dolayı yolla Navalnıya “ekstremist” damğası vura, bir çox jurnalistin, qeyri-hökumət təşkilatının gəlir mənbəyini zəiflətmək üçün onları “xarici agent” kimi damğalaya bilsinlər.
“Apple” və “Google” Putinin diktator çılğınlıqları qarşısında möhkəm dayanmalıdırlar.
Parlamentin aşağı palatası olan Dövlət Dumasına sentyabrın 19-da keçiriləcək seçki ərəfəsində Kreml müxalifət namizədlərinin adlarının seçki bülletenlərinə düşməməsi və səsvermə günü müşahidənin baş tutmaması üçün təzyiq taktikasına əl atıb.
“Xarici agent” adlandırılanlardan biri – “Novaya qazeta” müstəqil nəşri sentyabrın 2-də məlumat yayıb ki, redaksiyaya Moskva ətrafında yerləşən Korolyov şəhərində seçki məntəqələrinin işçilərinə seçki günü səsvermənin nəticələrini saxtalaşdırmaq təliminin səs yazısı daxil olub.
“Xarici agent” adlandırılan daha bir media qurumunun – “Meduza” xəbər agentliyinin həmin audioyazı ilə bağlı dərc etdiyi xülasəyə görə, müşahidəçi seçki komissiyasının əməkdaşlarına Vahid Rusiya Partiyasına 42-45 faiz səs getməli olduğunu tapşırır və onlara səsvermənin nəticələrini saxtalaşdırmağın yollarını başa salır.
“Meduza”nın məlumatına görə, kurator seçki ilə məşğul olan əməkdaşlara deyir: “Şəhər rəhbərlikləri çox xahiş edirlər ki, nə mümkündürsə edin, işlər yağ kimi getsin, heç nə gözə çarpmasın, şikayətlər olmasın. Biz özümüzə bəraət qazandırmaq, ifadə vermək, prokurorlarla danışmaq istəmirik. Bizi konkret partiya və konkret say maraqlandırır: partiya siyahısı üzrə 42-45 faiz. Ümid edirəm onların bizi yaxalamağa gücləri çatmayacaq…”
Bu, seçkinin yalnız bir tərəfidir. Putin yumşaq avtoritarizmdən daha sərt diktaturaya keçir. “Apple” və “Google” ona yardım etməməlidir.
Mənbə: Washingtonpost.com