Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul hesabatı yayıb. Rəsmi məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsinə 66464 nəfər qatılıb, onların 44861 nəfəri uğur qazanıb: 21856 nəfər dövlət sifarişi əsasında, 23005 nəfər ödənişli əsaslarla təhsil hüququ əldə edib.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, xalqın yüksək təhsilə can atması sevindirici haldır: “Təhsil sistemi xeyli dərəcədə iflasa uğrasa da, hər il on minlərlə azərbaycanlı gənc təhsildə yüksək nailiyyət əldə edir. Xalqımızın gündəlik dolanışığı nə qədər çətin olsa da, valideynlərin əksəriyyəti üçün uşaqlara yaxşı təhsil vermək bir nömrəli prioritet olaraq qalır. Saysız-hesabsız valideyn geyimindən, ərzağından, gündəlik xərcindən kəsir, borc alır, kredit götürür ki, övladları əlavə müəllimlərdən ödənişli dərslər alsın, ali məktəblərdə ödəniş edə bilsin.
Xalqımız yüksək təhsilin önəmini yaxşı dərk edir, gənclərin təhsilinə qoyulan sərmayənin ən yaxşı sərmayə olduğunu bilir. Kaş hökumət də bunu dərk edə, xalqdan öyrənə, təhsili əsas prioritet edə.
Azərbaycanda məktəbəqədər təhsil də, orta və peşə təhsili də, ali təhsil də yenidən qurulmalıdır. Müəllimlər yüksək əməkhaqqı almalı, hazırda repetitorluq işinə can yandırdığı kimi rəsmi işinə can yandırmalıdır. Repetitorluğa kütləvi ehtiyac aradan qalxmalıdır. Ailə büdcələri bu xərcdən, müəllimlər də yüksək maaş almaq üçün ikiqat işləmək məcburiyyətindən azad olmalıdır.
Dövlət ali məktəblərində təhsil tam pulsuz olmalıdır. Hökumət yerli universitetlərin beynəlxalq reytinqini artırmağı prioritet vəzifə elan etməli, ən istedadlı gənclərin dövlət hesabına dünyanın ən yaxşı universitetlərində oxumasını təmin etməlidir”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edir ki, bir çox universitet ingilisdilli ixtisaslar açıb tələbə qəbul edir: “Yüksək bal toplayan istedadlı gənclər həmin ixtisaslara üstünlük verirlər. Lakin heç kəs nəzərə almır ki, universitetlərdə ixtisası tam öyrənmək üçün tələb olunan bütün fənləri ingilis dilində mükəmməl tədris edəcək qədər müəllim yoxdur. İngilis dilində tədris üçün kadr potensialı yetərincə olmayan universitetlər buna yol verməməlidir. Ali təhsildə əsas məqsəd dilindən asılı olmayaraq ixtisasların mükəmməl tədrisi olmalıdır”.
Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli yazır ki, ödənişsiz təhsil alanların sayında artım var, amma yetərli deyil: “Dövlət dilində ali təhsil həm keyfiyyətli, həm də pulsuz olmalıdır. Təhsilin keyfiyyətinin artırılması yolu elmin, biliyin, təhsilin ölkədə satıla bilən, tələb görən “əmtəəyə” çevrilməsidir, bunun üçün rəqabətli iqtisadiyyat şərtdir, rəqabətli iqtisadiyyat üçün məsuliyyətli idarəetmə sistemi və ədalətli məhkəmə lazımdır. Bu institutların təsisi isə seçkidən, vətəndaş fəallığından keçir”.