Kəlbəcər rayonunun Laçın kəndi. Düşmənin 30 ilə yaxın sürən işğal dövründə viran qoyduğu yurdlarımızdan biri. Həm də hazırda həbsdə olan dövlət xadimi Eldar Həsənovun doğulub boya-başa çatdığı kənd.
Əməkdar jurnalist Əlövsət Ağalarov Laçın kəndində olub, foto və videolar çəkib. Bu çəkilişləri o, məhbus dostuna təsəlli kimi yaddaşa köçürüb.
Əlövsət Ağalarov Eldar Həsənovun uşaqlıq dostudur.
1955-ci il təvəllüdlü Eldar Həsənov elektronika mühəndisi və hüquqşünas ixtisasları üzrə iki ali təhsil alıb, 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini, 1995-2000-ci illərdə baş prokuroru vəzifəsində xidmət edib. 2001-ci ildən Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı, 2020-ci il avqustun 17-də isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı təmsilçiliyinə xitam verilib.
Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professor Eldar Həsənov bir sıra kitab, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
2020-ci il avqustun 13-dən həbsdə olan Eldar Həsənovun 2021-ci ilin sentyabrından məhkəməsi başlanıb. Ona Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. Eldar Həsənov həbsini və verilən ittihamları qanunsuz, əsassız, qərəzli və sifarişli sayır.
Vəkillərinin bildirdiyinə görə, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə daha ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. Eldar Həsənov 2021-ci ilin avqustunda həbsdən yaydığı açıqlamasında vurğulayıb: “Bütün ədalətsizliklərə, haqsızlıqlara, məhrumiyyətlərə, ağır xəstəliklərə düçar qalan insan kimi özümə təsəllini yalnız onda tapıram ki, 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımız qəhrəman ordumuzun və müzəffər ali baş komandanımızın cəsarəti və şücaəti nəticəsində işğaldan azad olunub”.
Novator.az xatırladır ki, Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirmişdi. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Həmçinin bax: Eldar Həsənovun gündəliyindən