Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Dünyaya nəzər salanda görürsən ki, iqtidara müxalif qüvvə problemləri sadalamaqla qalmır, həm də alternativləri göstərir, insanları buna inandırır – onda dəyişikliklər labüd olur.
Bizdə müxaliflik anlayışı İlham Əliyevin adını çəkmək qədər bəsitləşib, guya müxalifət olmaq hər çıxışda, yazıda Əliyevin adının neçə dəfə çəkilməsi ilə ölçülür və ya daha kəskin danışmaqla olur. Kökündən ziyanlı yanaşmadır. Belə baxanda hansısa rayonda icra başçısını tənqid eləmək daha təhlükəlidir – icra başçısı dərhal hərəkətə keçib rayonda yaşayan tənqidçinin başına min oyun aça bilir.
Müxalifətçilik tək problemləri dilə gətirmək deyil, həm də və daha çox çözüm yollarını göstərmək, ortaya alternativ həll yolları qoymaqdır.
Məsələn, bəzi “siyasətçilər” deyir Əliyev 10 noyabr 2020-ci ildə ordunu dayandırmamalı, Xankəndiyə girməli idi, Rusiya ilə üçtərəfli sazişi imzalamamalı, “sülhməramlıları” ölkəyə buraxmamalı idi.
Bunu deyən adam nəticələrini də analiz etməli, özünü prezident, iqtidar kimi aparmağı, düşünməyi, davranmağı bacarmalıdır. Populistlər isə sadəcə birinci məsələni deyir, arxasında durmaq bacarığı haqda heç nə söyləmir, çünki böyük əksəriyyətinin iqtidar olmağa nə bacarığı, nə də şansı var.
Rus “sülhməramlılarının” ölkəyə daxil olması dövlətimiz üçün böyük problemdir, bu məsələni xalq və dövlət olaraq yaxın illərdə həll etməyi bacarmalıyıq, amma Xankəndi və ətrafında 2000-nə yaxın “sülhməramlının” olması daha böyük problemdir, yoxsa 44 günlük Vətən savaşından öncə torpaqlarımızın işğalda saxlanması daha böyük dərd, problem idi? Xankəndi və ətrafında müvəqqəti yerləşən Rusiya “sülhməramlılarını” tərəzinin bir gözünə, Hadrut, Şuşa, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın, Fizuli, Ağdam, Cəbrayılı, əsgərimizin qol gücünə azad edilmiş yüzlərlə kənd və qəsəbəni, İran və Ermənistanla sərhəd xəttini digər gözünə qoyaq – hansı daha ağır gələr?
Yaxşı, “10 noyabrda Xankəndiyə girməliydik, hakimiyyət xəyanət etdi” deyənlər həmin situasiyada nə edərdilər? Məgər anlamırlar ki, rus Azərbaycan ərazisinə imzasız, sənədsiz daxil ola, “ermənilər genosidə uğrayır” deyib Bakıya qədər belə gələ bilərdi? Sual vermirlərmi ki, Naxçıvanda rus vertolyotu nədən qəsdən vurduruldu? Ona görə ki, imza atmasaydıq, bu, savaş bəhanəsi olacaqdı! Xırdalana qədər uçan raketlər nə üçün idi? Bunu bilmirlərmi? “Türkiyə yanımızdadır, Rusiya girməzdi” deyənlər anlamırlarmı ki, NATO üzvü olan Türkiyə heç vaxt açıq savaşda Rusiya ilə üzbəüz gəlməz? Və ya “Avropa, ABŞ, Qərb qoymazdı Rusiya Azərbaycana qoşun yeritsin” deyənlər səmimidirlərmi? Bəyəm Rusiya “Ermənilər genosidə uğrayır, onları xilas etmək üçün giririk” desəydi, Avropa, ABŞ buna etirazmı edəcəkdi? Qarşılarınımı kəsəcəkdilər? Tam tərsinə, oralardan da “genosid nağılları” yüksələcəkdi. Bunu deyənlər 2008-ci ildə Tiflisin 26 kilometr yaxınlığına qədər gələn Rusiya tanklarını nə tez unudular? Bunu söyləyənlər Krımın, Donbasın taleyini görmürlərmi?
Tutalım, Qərb Rusiyaya qarşı çıxacaqdı, nə edəcəkdi? Yenə sanksiyalar qoyacaqdı? Bəyəm bunun effektsiz olduğunu görmürlər? Hətta Qərb siyasətçilərinin, analitiklərinin bir çoxu sanksiya siyasətinin iflasa uğradığını etiraf edir, bizim bəzi populistlər isə bunu görməzdən gəlir.
İlham Əliyevin, indiki iqtidarın daxili siyasəti, sosial-iqtisadi siyasəti bərbaddır – addımların ardıcıllığı və effekti yoxdur, sosial problemlər günbəgün artır. Avropa İttifaqı ilə sazişin, Türkiyə ilə hərbi tədris mərkəzlərinin yaradılmasının gecikdirilməsi səhvdir – bu məsələlərdə Əliyev iqtidarını sərt tənqid etmişik, edirik, edəcəyik də, amma həm də alternativləri göstərməklə bu yolu getməyə çalışırıq.
Rusiya “sülhməramlılarının” ölkəyə heç olmasa sənədlə gəlməsinə razılığın olması çox pislə pis arasında seçim kimi idi. Başqa yol yox idi, görünmürdü.
Ötən gün Füzuli hava limanına uçan təyyarəni bir il öncə xəyal belə edə bilməzdik. Bu xəyalın gerçəkliyə çevrilməsinə görə şəhidlərimizə, qazilərimizə burcluyuq. Onların qarşısında daha bir borcumuz odur ki, 2025-ci ilə qədər ölkə ərazisində Rusiya “sülhməramlıları” qalmasın – bunun üçün hər kəs əlini daşın altına qoymağa hazır olmalıdır, bu bizim həyati hədəfimizə çevrilməlidir. Bu hədəfə çatmaq üçün ən böyük məsuliyyət isə iqtidarın üzərinə düşür – “islahat oyunlarını” boşlayıb səmimi şəkildə effektiv idarəetmə sisteminə keçməklə bağlı qərar verməlidir.
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri