Mərkəzi ofisi Böyük Britaniyada yerləşən “YouGov” beynəlxalq analitik şirkəti Avropanın beş əsas ölkəsində və ABŞ-da əhalinin dünya liderlərinə münasibətini öyrənib.
Şirkətin keçirdiyi onlayn sorğular zamanı respondentlərdən dünya liderlərindən hansına müsbət, hansına mənfi münasibət bəslədikləri soruşulub.
Məlum olub ki, beş Avropa ölkəsində (Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, İspaniya) və ABŞ-da adamlar dünya liderləri arasında ən çox Almaniya kansleri Angela Merkelə rəğbət bəsləyirlər.
1954-cü il təvəllüdlü Angela Merkel siyasətə 1990-cı ildə qoşulub, əvvəl Xristian Demokrat İttifaqının üzvü, sonra isə parlamentin bu partiyadan deputatı olub. 1991-ci ildə Xristian Demokrat İttifaqı sədrinin müavini, 1998-ci ildə baş katibi, 2000-ci ildə sədri seçilib. 1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri postlarını tutub, 2005-ci ildən hökumət başçısı – Almaniya kansleridir.
2018-ci ildə Angela Merkel partiya sədrliyindən getmək istədiyini, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcəyini, kansler postuna və başqa hansısa vəzifəyə iddia etməyəcəyini bəyan edib. 2021-ci il yanvarın 16-da Xristian Demokrat İttifaqına yeni sədr seçilib. Angela Merkeli bu postda Armin Laşet əvəzləyib.
Almaniyada növbəti parlament seçkisi 2021-ci il sentyabrın 26-da keçiriləcək. Bu, Xristian Demokrat İttifaqının son 16 ildə Angela Merkelsiz iştirak edəcəyi ilk parlament seçkisi olacaq. Parlament yeni tərkibdə ölkəyə yeni kansler də seçəcək. Beləliklə, Angela Merkelin kanslerlik dövrü başa çatacaq.
Novator.az-ın məlumatına görə, “The Guardian” qəzeti yazır ki, “YouGov”un keçirdiyi sorğu zamanı Angela Merkel İspaniyada +61, Fransada +49, Almaniyada +30, İtaliyada +23, ABŞ-da +17, Böyük Britaniyada +15 bal toplayıb.
Dünya liderləri arasında bu göstəricilərə yaxınlaşan yalnız ABŞ prezidenti Cozef Bayden olub. Lakin “The Guardian” xatırladır ki, Bayden cəmisi səkkiz aydır prezidentdir. 16 ildir kansler olan Angela Merkel isə bu dövrdə dörd ABŞ, dörd Fransa prezidenti, Böyük Britaniyanın beş, İtaliyanın səkkiz hökumət başçsı ilə işləyib.
Sorğu zamanı hər ölkədən müsbət bal toplayan daha bir lider Kanadanın baş naziri Castin Tryudodur.
Fransa prezidenti Emmanuel Makron isə yalnız iki ölkədən – Almaniya və İspaniyadan pozitiv qiymət ala bilib.
Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi, Böyük Britaniyanın baş naziri Boris Conson sorğu keçirilən ölkələrin hamısında mənfi ballar toplayıblar.
“The Guardian”ın yazdığına görə, Angela Merkelin müsbət ballar qazanmasının əsas səbəbi onun yürütdüyü iqtisadi siyasətlə əlaqədardır.
Mənbə: Theguardian.com