ABŞ-ın “Forbes” jurnalı Rusiyanın ən varlı 10 ailəsinin reytinqini açıqlayıb.
Novator.az-ın məlumatına görə, jurnal bu 10 ailənin ümumi sərvətinin son bir ildə 16,1 milyard dollar artaraq 42,9 milyard dollara çatdığını yazır.
Siyahıya onlayn pərakəndə satışla məşğul olan “Wildberries” şirkətinin yaradıcısı Tatyana Bakalçukun ailəsi başçılıq edir. Bakalçukların ümumi varidatı 13 milyard ABŞ dollarından çoxdur.
İkinci pillədə “Fosaqro” şirkətinin sahibi olan Quryevlər ailəsi gəlir. İl ərzində bu ailənin sərvəti 1,8 milyard dollar çoxalaraq 6,9 milyard dollar olub.
Üçüncü yeri Rotenberqlər ailəsi tutur. Ailə il ərzində varidatını 550 milyon dollar artıraraq 5,95 milyard dollara çatdırıb.
Dördüncü yerdə duran “Safmar” şirkətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevin ailəsi il ərzində sərvətini 500 milyon dollar artırıb. Hazırda Qutseriyevlərin sərvəti 3,7 milyard dollara yaxındır.
Rusiyanın ən varlı ailələrinin siyahısında beşinci yerdə “Sistema” Səhmdar Maliyyə Korporasiyasının Direktorlar Şurasının sədri Vladimir Yevtuşenkov və oğlu Feliks qərarlaşır. Yevtuşenkovların sərvəti 3,2 milyard dollardır.
Sonrakı yerlərdə “Tatavtodor” şirkətinin baş direktoru Ayrat Şaymiyev, onun qardaşı Radik və oğlu Timur (onların ümumi sərvəti 3 milyard dollardır), “Kafajat Kft” şirkətinin əsas sahibləri Məqdət Rəhimqulov, oğlanları Timur və Ruslan (ümumi sərvətləri: 1,95 milyard dollar), “Alyans Qrup”un prezidenti Musa Bajayev, qardaşı Mövlud və qohumu Deni Bajayev (ümumi sərvətləri: 1,75 milyard dollar), “Miratorq” aqrar-sənaye şirkətinin qurucusu Aleksandr və Viktor Linnik qardaşları (ümumi sərvətləri: 1,7 milyard dollar), iyirmi şirkəti birləşdirən PECO qrupunun sahibləri Sergey və Nikolay Sarkisov qardaşları (ümumi sərvətləri: 1,65 milyard dollar) gəlir.
Mənbə: Forbes.ru