Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva avqustun 29-da Qarabağ səfərinə çıxıblar. AZƏRTAC xəbər verir ki, onlar Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda son tamamlama işləri, Füzuli Beynəlxalq Hava Limanında tikintinin gedişi ilə tanış olublar.
Şuşaya da baş çəkən İlham Əliyev və Mehriban Əliyeva şəhərdə yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışına qatılıblar.
Şuşada şair, ictimai xadim Molla Pənah Vaqifin büstünün, onun təmir-bərpa və yenidənqurma işlərindən çıxan muzey-məqbərə kompleksinin, müğənni Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışları olub.
Bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açıldığı, onun ev-muzeyində aparılacaq işlərə nəzər salındığı, şəhərdə Otel və Konfrans Mərkəzinin, yeni yaşayış massivinin təməllərinin qoyulduğu bildirilir.
İlham Əliyevə və Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Baş planda yaşayış binaları, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanacaq tarixi binalar və abidələrin yerləri əksini tapıb.
Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur.
Ümumi sahəsi 46765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən, 25 binadan ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə tikiləcəyi vurğulanır.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Prezident İlham Əliyev 2020-ci ilin noyabr ayında Füzuli, Cəbrayıl və Ağdamı, dekabr ayında Zəngilan və Qubadlını, 2021-ci ilin yanvarında Füzuli və Şuşanı, fevralında Füzuli, Zəngilan, Laçın və Cəbrayılı, martında Füzuli, Xocavənd və Şuşanı, aprelində Cəbrayıl və Zəngilanı, mayında Şuşa və Ağdamı, iyununda Füzuli və Şuşanı, avqustunda Kəlbəcər və Laçını ziyarət edib.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək erməni işğalı altında olub.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.
2021-ci il mayın 7-də prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.
2021-ci il iyunun 22-də “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun qüvvəyə minib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb, iyulun 16-da Məftun Abbasov qurumun İdarə Heyətinin sədri təyin edilib.