Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-sı Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, Vətən Müharibəsi Qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.
Mərasimdə çıxış edən prezident İlham Əliyev deyib ki, son illər şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə çoxsaylı görüşləri olub: “Müharibədən əvvəl hər dəfə görüş əsnasında deyirdim ki, biz nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını aldı.
Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq. Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də belədir.
Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə, fərdi evlərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil veriləcək və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.
Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib.
İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaq. Azərbaycan xalqının çoxəsrlik tarixində buna oxşar parlaq və tam Qələbə olmayıb. Biz 300-dən çox şəhəri, kəndi, qəsəbəni döyüş meydanında işğalçılardan azad etdik. İşğalçıları məcbur etdik ki, onlar kapitulyasiya aktını imzalayaraq digər rayonlardan öz xoşları ilə çıxsınlar”.
AZƏRTAC-ın məlumatına görə, prezident və birinci vitse-prezident Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışına da qatılıblar.
Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür.
1964-cü il təvəllüdlü Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu, göz xəstəlikləri mütəxəssisi, fəlsəfə üzrə fəlsəfə doktorudur.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olur. Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidentidir. 2005, 2010, 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.
2017-ci il fevralın 21-dən birinci vitse-prezident vəzifəsini tutur.