Prezident İlham Əliyevlə birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına 16 avqust səfərinin detalları yayılıb.
Ömər aşırımından keçib Kəlbəcərə gedən İlham Əliyevlə Mehriban Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometrdir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.
Prezident və birinci vitse-prezident Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olublar. Lev çayı üzərindəki stansiya tamamilə yenidən qurulur.
Dövlət başçısı və birinci vitse-prezident “Kəlbəcər” yarımstansiyasının açılışında da iştirak ediblər.
Sonra Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməli qoyulub.
Arayışa görə, Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq.
Xəbərə əsasən, Laçın rayonunun Qorçu kəndində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyan İlham Əliyev və Mehriban Əliyeva sonra Kəlbəcərdə arıçılarla görüşüb söhbət ediblər.
Kəlbəcər şəhərində prezident dövlət bayrağını ucaldıb və çıxış edib. O deyib: “Hərbi əməliyyat nəticəsində torpaqlarımız işğaldan azad edildi. İkinci Qarabağ müharibəsi bizim şanlı zəfərimiz kimi tarixdə əbədi qalacaq. Qələbə nəticəsində Kəlbəcər rayonu da Laçın və Ağdam rayonları ilə bərabər işğalçılardan azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalayaraq bu öhdəliyi də öz üzərinə götürdü və Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi işğalçılardan azad edildi. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər.
Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”.
Dövlət başçısı qeyd edib ki, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədi möhkəmləndirilir: “Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Ermənistandan səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur. Nə oldu bəs? Biz gələndən sonra, durandan sonra dedilər ki, yox, biz düz yerdə durmamışıq. Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq. Onu heç kim unutmasın. Ona görə indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri 2021-ci ilin may ayında Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini və Kəlbəcər istiqamətində bəzi əraziləri nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.