Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan şosesində jurnalistlər üçün tikilmiş üçüncü binanın ətrafında müzakirələr gedir.
Bünövrəsi 2017-ci il iyulun 20-də qoyulmuş, tikintisi yekunlaşmış bina 255 mənzillidir.
Ərazidə 156 mənzilli ilk bina 2013-cü ildə, 255 mənzilli ikinci bina 2017-ci ildə media işçilərinə təqdim olunub, mənzillər jurnalistlərə pulsuz verilib. Hər iki yaşayış binası, eləcə də üçüncü bina prezident sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib.
2021-ci il iyulun 24-də bir qrup media və QHT nümayəndəsi prezident İlham Əliyevə müraciətdə jurnalistlər üçün tikilmiş üçüncü binadakı mənzillərin şəhid ailələrinə, 2020-ci ilin Vətən müharibəsindəki qələbədə xidmətləri olan hərbi qulluqçulara və qazilərə verilməsini istəyib.
Bir çox jurnalist başqa fikirdədir, mənzilə ehtiyacı olan media təmsilçilərinin qıraqda qalmasını yolverilməz sayır.
Birinci Qarabağ müharibəsinin veteranı, Konflikt Jurnalistikası Məktəbinin rəhbəri Əlisəfa Mehdi Novator.az-a açıqlamasında deyib ki, ölkənin şəhərlərində tikilən binalardakı mənzillərin 10 faizi yerli icra hakimiyyətlərinin balansına verilir, yaxud verilməlidir: “Hasablamalara görə, paytaxtda tikilən binalardan Bakı Şəhər İcra Hakimiyyətinin balansına 200 mindən çox mənzil düşüb. Bununla, cəmiyyətin irad bildirdiyi kimi, bütün müəllimlərin, həkimlərin, başqa sahələrin işçilərinin mənzil təminatını ödəmək mümkün olmazdımı? Elə jurnalistlərin də. Jurnalistlərin binasını jurnalistlərə verməməyə çağıranlar prezidentə bununla bağlı müraciət edə bilməzmi? İllərdir mənzil tikintisi qurumlarından alınıb baha qiymətə satılan mənzillərin taleyi niyə baş redaktorların əsas mövzusu olmasın?
Paytaxtın Yasamal rayonunun ən görkəmli yerində Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, başqa ötkəm qurumların məmurları üçün binalar tikib hədiyyə ediblər. Yerdə qalan vətəndaşlar haqq etmirmi?
Jurnalistlər üçün tikilmiş binaların hər kvadratmetrinin maya dəyəri 284 manatdır. Onlara Yasamaldakı sosial evlər kimi binalar tikmək, uzun illərə ödəniş haqqı tanımaq da mümkündür.
Bibiheybətdə jurnalistlər üçün tikilmiş bina isə dövlət adından verilmiş sərəncama uyğun olaraq jurnalistlərə verilməlidir. Media kapitanları, cəmiyyətin sözçüləri komissiya yaratsın, ədalətli bölgü aparılsın.
Şəhid ailələri, Vətən müharibəsi veteranları, hərbi qulluqçular başımızın tacıdır. Dövlət onların mənzil təminatını jurnalistlərin 255 mənzilli binasına əl qoymadan da həll etmək gücündədir”.