Məhbus dövlət xadimi Eldar Həsənovun səhhəti daha da ağırlaşıb. Novator.az-ın məlumatına görə, vəkil Cavad Cavadov özünün “Facebook” səhifəsində yazır ki, Eldar Həsənov avqustun 8-i səhər Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicəllənmə nəticəsində huşunu itirərək yerə yıxılıb: “Eldar Həsənovun bədənində təhlükəli olmayan zədələr yaranıb, xoşbəxtlikdən o, başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə dayanmayıb və həkimlər bunun həyəcan siqnalı olduğunu bildiriblər.
Həmin gün saat 11:30 radələrində Eldar Həsənov mənimlə və müstəntiqlə görüşə əlil arabasında gətirilib. Özünün bildirdiyinə görə, həkimlər ona sərbəst, hətta çəliklə hərəkət etmək qadağası qoyublar. Vaxtında tibbi yardım göstərilməməsinə görə insanın bu duruma salınmasının şahidi olduq”.
Cavad Cavadov əlavə edir ki, digər vəkillər Adəm Məmmədov, Cəlil Mirzəyev, Valeh Mehralıyevlə birgə baş prokuror Kamran Əliyevə Eldar Həsənovun həbsdən buraxılması və müalicəsinin ixtisaslaşmış xəstəxanada davam etdirilməsi üçün yeni vəsatət ünvanlayıblar: “Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq”.
1955-ci il təvəllüdlü Eldar Həsənov 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov nazir təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. Vəkillərinin Eldar Həsənovun həbsdən buraxılması, müalicə olunması barədə vəsatət və müraciətləri təmin olunmayıb.
2021-ci il mayın 7-də və iyunun 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Eldar Həsənovun təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı Hərbi Hospitalına yerləşdirilməsi, zəruri müayinələrdən keçirilməsi, müalicə olunması, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılması barədə iki qərar çıxarıb. Yalnız ikinci qərardan sonra – iyulun 2-də Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından qurumun Hərbi Hospitalına köçürülüb, bir neçə gün sonra orada bağırsağından əməliyyat olunub, sonra təcridxanaya qaytarılıb.
İyulun 31-də Eldar Həsənovun səhhəti yenidən ağırlaşıb, avqustun 2-də o, hospitala aparılıb. Həmin gün açıqlama yayan vəkil Cavad Cavadov Eldar Həsənovun səhhətinin ağır olduğunu deyib, baş prokuroru həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləmək üçün məhkəməyə təqdimat verməyə çağırıb.
Eldar Həsənov 2020-ci ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edir, həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb.
Mütəşəkkil cinayətkarlıq mövzulu kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifi olan Eldar Həsənov hüquq elmləri doktoru, professordur.
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənovun bir istəyi təmin olundu
Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi
Eldar Həsənovun səhhəti yaxşı deyil
“Mənim düşmənim yoxdur, ermənidən başqa”
Eldar Həsənov qərarı dəyişirmi?
Ziyalıların prezidentə müraciəti
Eldar Həsənovun vəkili: “Səhhətində təhlükəli problemlər var”
Gənclərin prezidentə Eldar Həsənov müraciəti
Eldar Həsənovun vəkili nələr deyir?
Eldar Həsənovun vəkilləri prezidentə üz tutub
Avropa Məhkəməsi Bakıya Eldar Həsənovla bağlı sorğular göndərib
Eldar Həsənov prosesdə iştirakdan imtina edib. Məhkəmə qərar verib
Eldar Həsənovun qəbul etdiyi dərmanların siyahısı açıqlanıb
Avropa Məhkəməsindən Eldar Həsənov qərarı, tələb
Heydər Əliyev Eldar Həsənova Ərdoğanla bağlı nə tapşırmışdı?
Avropa Məhkəməsinin qərarı icra olunmur, vəziyyət ağırlaşır
Eldar Həsənovun işi yeni mərhələdə
“Adamlarımızı asanlıqla xərcləməyək!” (Eldar Həsənov barədə)
Eldar Həsənov Hərbi Hospitala köçürüldü
Eldar Həsənov reabilitasiya kursu keçir
Eldar Həsənov təcridxanaya qaytarılıb
Eldar Həsənovun vəkillərinin müraciəti