Böyük Quruluş Partiyasının başqanı, 26 saylı Sabunçu dairəsindən deputat, Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa baş prokuror Kamran Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, o yazır:
– Hörmətli Kamran müəllim, Bakının Sabunçu rayonunda, Ləiş bağları, 9-cu dalanda yaşayan İslamova Elmira Seyfulla qızı, Cəfərov Çingiz Ramil oğlu, Ağa Vüsal Yunis oğlu, Şirinov Eynulla hər biri fərdi qaydada, Əbdürrəhimov və İsmayılov ailələri isə kollektiv şəkildə mənə müraciət edərək ərazidə Xəzər dənizinin sahilinin hasarlanmasını, dənizə ümumi istifadədə olan gediş-gəliş yolunun bağlanaraq dəmir qapı qoyulmasını bildirərək yardımçı olmağımı xahiş ediblər.
Seçicilərlə görüşlərimdə Xəzərin Sabunçu rayonu ərazisinə aid sahilboyu zolağın hasarlanması, vətəndaşların dəniz sahilinə çıxışının məhdudlaşdırılması kimi halların sahibkarlıq subyektləri ilə vəzifəli şəxslərin birgə qanunsuz cinayət əməlləri nəticəsində baş verdiyi dəfələrlə bildirilib.
Mənə ərizə ilə üz tutan vətəndaşların müraciətlərindən aydın olur ki, Xəzər dənizinin qeyd olunan ərazisində sahilboyu zolaq altında olan torpaqlar, vətəndaşların ümumi istifadəsindəki yol sahəsi yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin mənafelərinə xidmət məqsədilə istifadə və icarəyə verilib. Həmin şəxslər qanunvericiliyin tələblərini pozmaqla dənizkənarı zolaqda bağ evləri və digər obyektlər inşa edib, sakinlərin dəniz sahilinə çıxışını məhdudlaşdırıb.
Milli Məclis ölkə vətəndaşlarının Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədilə qanunlar qəbul edib. Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin su fondu torpaqları, dənizin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 46-cı maddənin 2-ci bəndinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46-cı maddənin 2-1-ci bəndində qeyd edilir ki, Xəzərin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər.
Su Məcəlləsinin 36-cı maddəsi ilə müəyyən edilib ki, ümumi istifadədə olan su obyektləri istifadəsi hamı üçün mümkün və açıq olan su obyektləridir. Fiziki şəxslər belə su obyektlərindən öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) pulsuz istifadə edirlər. Ümumi istifadədə olan su obyektlərinin sahili boyu quru zolaqlar ayrılır. Hər bir şəxsin bu zolaqda hərəkət etmək, balıq və digər su bioresurslarının ovu üçün istifadə etmək, qayıqların sahilə yan almasını təmin etmək hüququ var.
Ləiş bağları, 9-cu dalan ünvanında yaşayan vətəndaşların torpaq sahəsi qanunsuz yollarla istifadəyə verilib. Torpaq sahəsindən Xəzər dənizinin sahili tikinti materialları ilə hasarlanıb, dənizə gediş-gəliş yolu qapı qoyulmaqla bağlanıb.
Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd edilir ki, dənizin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlana bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırmaq olar.
Həmin ərazidə yaşayan vətəndaşların ümumi istifadəsində olan dənizin çimərlik sahəsinin torpaq sahələri hasara alınma yolu ilə istifadəsi məhdulaşdırılıb, dəniz kənarına gediş-gəliş yoluna isə böyük qapı qoyulmaqla vətəndaşların çimərliyə gediş-gəlişi tam məhdudlaşdırılıb.
Vətəndaşların ərizələri əsasında Ləiş bağları, 9-cu dalan ünvanına baxış keçirmişəm, göstərilən faktlar öz təsdiqini tapıb.
Xəzər dənizinin sahilinə çıxış sahəsində olan ərazinin hasara alınması, yolun bağlanması və yol sahəsinə dəmir qapı qoyulması təkcə sahibkarlıqla məşğul olan şəxslərin özbaşına qanunsuz hərəkətləri deyil, eyni zamanda vəzifəli şəxslərlə sahibkarların qabaqcadan əlbir olması yolu ilə cinayət əlaqəsinə girmələrinin nəticəsidir. Ləiş bağları, 9-cu dalandan dəniz sahilinə çıxan ərazinin hasarlanması və dəniz sahilinə gedən yolun bağlanması vəzifəli şəxslərin xidməti vəzifələrindən sui-istifadə etməsi nəticəsində üçüncü şəxslərə qanunsuz üstünlük verib, eyni zamanda həmin ərazidə yaşayan vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə qəsdən ağır zərər vurmaqla ictimai qaydalar kobud surətdə pozulub və cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri törədilib.
Ərazinin Torpaq Məcəlləsinin, Su Məcəlləsinin tələblərini pozmaqla hasara alınması, yolun bağlanması və yol sahəsinə dəmir qapı qoyulması əməlində cinayət tərkibi olduğundan müraciətimin araşdırılmasına, eləcə də cinayət əməli törətmiş vəzifəli şəxslərin və sahibkarlıq subyektlərinin cinayət məsuliyyətinə cəlb edilməsinə, dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə vurulmuş zərərin aradan qaldırılmasına yardımçı olmağınızı xahiş edirəm.
Müraciət iyulun 28-də göndərilib.