Nazirlər Kabineti Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına kreditlərin verilməsi qaydasını təsdiqləyib. Qayda təhsil tələbə kreditinin verilməsi dair tələbləri, kreditin verilməsi proseduru, kredit üzrə hüquqların əldə olunması və kreditin qaytarılması kimi məsələləri tənzimləyir.
Novator.az bildirir ki, Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu iyunun 17-də yaradılıb. Qeyri-kommersiya hüquqi şəxsi olan fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Qurumun fəaliyyətinə cari rəhbərliyi sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.
Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, təhsil tələbə krediti Azərbaycanın təhsil müəssisələrində təhsil haqqı xərclərini ödəmək üçün müvəkkil bankın tələbə ilə bağladığı müqaviləyə uyğun olaraq müəyyən müddətə və faizlər ödənmək şərti ilə borc verilən pul vəsaitidir.
Kreditin iki növü var: sosial; standart.
Bu tələbələrə təhsillərinin birinci tədris ilinin ilk semestrindən sosial kreditdən istifadə etmək hüququ verilir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 3-cü dərəcə əlilliyi olanlar; hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) 1-ci və ya 2-ci dərəcə əlilliyi olan; işsiz kimi qeydiyyatda olan; yaşa görə əmək pensiyası alan; yaşa görə sosial müavinət alan şəxslər.
Sosial kredit almaq hüququ olmayan bu tələbələrin təhsillərinin birinci tədris ilinin ilk semestrindən standart kredit almaq hüququ var: birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddindən yuxarı olanlar, digər semestrlər üçün isə ümumi orta müvəffəqiyyət göstəricisi 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.