Əli Kərimli
AXCP sədri
Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin olunmuş general-leytenant Kərim Vəliyev haqda tamamilə əks qütblərdən yazılır. Generalı tərifləyən də çoxdur, tənqid edən də. Mən Kərim Vəliyevi tanımıram. Hələlik onu nə tənqid, nə də tərif etmək üçün tam əmin olduğum məlumatım yoxdur. Bir müddət işlədikdən sonra biləcəyik Kərim Vəliyev haqqında deyilən hansı fikirlər doğrudur. İstərdim ki, general onun haqda müsbət danışanları haqlı çıxartsın.
…Sosial şəbəkələrdə böyük bir “islahatpərvərlər” dəstəsi yaranıb. Aralarında tanınmışlar da var. Həmin bu dəstə illərdir İlham Əliyevdən intizarla islahat gözləyir. Ölkədə seçkini, çoxpartiyalılığı, parlamentarizmi, məhkəmə sistemini faktiki ləğv etmiş, korrupsiya təməlli rejim qurmuş bir şəxsin hər yeni təyinatını, yeni sərəncamını islahat adı ilə sırımağa hazırdırlar. Xalqımız bilmirmi İlham Əliyev bütün yüksək vəzifəli şəxsləri indiyə qədər dəfələrlə dəyişib? İlham Əliyev iqtidarda olduğu 18 ildə 100-lərlə insanı tərifləyə-tərifləyə, xalqa islahat vədi verərək vəzifəyə təyin edibsə, sonra da həmin “yenilər” köhnələrdən betər olubsa, “islahatçılar” da korrupsionerə çevrilibsə, deməli, problem yeni təyin olunan şəxslərdə yox, başında İlham Əliyev duran sistemdədir.
Ölkədə elə idarəetmə sahəsi, nazirlik, komitə, rayon, şəhər yoxdur rəhbəri dəyişməsin. Hətta bəzi sahələrin rəhbərləri dörd-beş dəfə dəyişib. Bəs həmin sahələr, nazirliklər, rayonlar düzəlibmi? İlham Əliyevin şəxsi dostlarının, ən bərk gedən “islahatçıların” rəhbərlik etdiyi və profillərinə görə korrupsiyadan maksimum uzaq olmalı Mədəniyyət, Xarici İşlər, Milli Təhlükəsizlik nazirlikləri də korrupsiya və “otkat” yuvası olubsa, siz haradan tapacaqsınız o “islahatçıları”?
Bu ölkədə Baş Qərargah rəisi, nazir və ya icra başçısı təkbaşına islahat apara bilməz. Bir az daha insaflı ola bilər. İnsanları çox yox, az incitməyə çalışa bilər. Ancaq bu qədər. Unutmayaq, bura avtoritar rejimli bir ölkədir. Biz müharibəni Baş Qərargah rəisi olmadan aparmış bir ölkəyik. Baş Qərargah rəisi və ya nazir, məsələn, orduya ayrılan vəsaitin Londondakı ofşor hesaba köçürülməsinin qarşısını ala bilərmi? Xaricdən silah alınmasındakı “otkatın” qarşısını ala bilərmi? Müdafiə Nazirliyi üçün çoxmilyardlıq dövlət satınalmalarını şəffaf tenderlər vasitəsilə həyata keçirə bilərmi? Cavabı hamımız bilirik. Bu ölkədə nazir, Baş Qərargah rəisi ciddi dəyişiklik edə bilməz. Ona görə də imkan verməyək ki, siyasi oyunbazlar xalqımızı növbəti “islahat” nağılları ilə yuxuya versin…