İyulun 27-də yayılan rəsmi hesabatda Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxanların ümumi sayı 341183 nəfər göstərilib: onların 5011-i xəstəlikdən vəfat edib, 3913-ü müalicə olunur, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. 1 milyon 946 min nəfərə yaxın şəxs peyvəndlənmə prosesini bitirib.
Koronavirus xəstəliyini keçirmiş şəxs immunitet sertifikatı əldə edə bilər. İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.
Azərbaycanda istifadə edilən vaksinlərin (“Sinovac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer”, “Sputnik V”) hər hansı birinin hər iki dozasını vurduran şəxslərə peyvənd sertifikatı verilir. Peyvənd sertifikatı müddətsizdir.
Nazirlər Kabinetinin qərarına görə, avqustun 1-dən idman və sağlamlıq-bərpa obyektlərinə yalnız koronavirus pasportu (peyvənd sertifikatı və ya immunitet sertifikatı) olan şəxslər (yaşı 18-dən aşağı olanları çıxmaqla) buraxılacaq.
Sentyabrın 1-dən dövlət orqanları (qurumları) əməkdaşlarının, habelə tibb, əczaçılıq, elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin koronavirusa qarşı birinci doza, oktyabrın 1-dən ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb ediləcək.
İşçilərinin peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı belədir:
elektrik enerjisi, qaz, istilik ilə təchizat;
su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
tullantıların yığılması, emalı və məhv edilməsi;
dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
liman xidmətləri;
logistika xidmətləri;
telekommunikasiya və rabitə xidmətləri;
poçt və kuryer fəaliyyəti;
sosial xidmətlərin göstərilməsi;
fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti;
topdan və pərakəndə ticarət;
ictimai iaşə;
yeməklərin göndərilməsi və çatdırılma xidmətləri;
mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;
turizm agentlikləri və operatorlarının fəaliyyəti;
maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri);
poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;
avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;
kirayə və lizinq fəaliyyəti;
daşınmaz əmlakın alınması və satılması xidmətləri;
memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;
reklam fəaliyyəti və bazarın öyrənilməsi;
işə düzəltmə agentliklərinin fəaliyyəti;
tədris və repetitor xidmətləri;
tərcümə üzrə xidmətlər;
dizayn fəaliyyəti;
fotoqrafiya sahəsində fəaliyyət;
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);
istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;
dezinfeksiya xidmətləri;
toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;
dərzi xidmətləri;
bərbərxana və gözəllik salonları;
baytarlıq fəaliyyəti;
heyvan sığınacaqları.
Ali təhsil və orta ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin koronavirus pasportunun olması tələb edilir.
Yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız koronavirus pasportu olduğu halda istifadə edə bilərlər.