Nazirlər Kabineti koronavirus pandemiyası üzündən tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı yeni qərar verib.
Qərara görə, 2021-ci il sentyabrın 1-dən dövlət orqanları (qurumları) əməkdaşlarının, habelə tibb, əczaçılıq, elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin koronavirusa qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya immunitet sertifikatının olması tələb edilir.
İşçilərinin peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı belədir:
elektrik enerjisi, qaz, istilik ilə təchizat;
su təchizatı və meliorasiya, çirkli suların yığılması və təmizlənməsi;
tullantıların yığılması, emalı və məhv edilməsi;
dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
liman xidmətləri;
logistika xidmətləri;
telekommunikasiya və rabitə xidmətləri;
poçt və kuryer fəaliyyəti;
sosial xidmətlərin göstərilməsi;
fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün baxıcılıq xidməti;
topdan və pərakəndə ticarət;
ictimai iaşə;
yeməklərin göndərilməsi və çatdırılma xidmətləri;
mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri göstərən müəssisələr;
turizm agentlikləri və operatorlarının fəaliyyəti;
maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri);
poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri;
avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi, onların təmiri və yuyulması;
kirayə və lizinq fəaliyyəti;
daşınmaz əmlakın alınması və satılması xidmətləri;
memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər verilməsi sahəsində fəaliyyət;
reklam fəaliyyəti və bazarın öyrənilməsi;
işə düzəltmə agentliklərinin fəaliyyəti;
tədris və repetitor xidmətləri;
tərcümə üzrə xidmətlər;
dizayn fəaliyyəti;
fotoqrafiya sahəsində fəaliyyət;
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq, kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət (konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);
istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və yığışdırılması;
dezinfeksiya xidmətləri;
toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi təmizlənməsi;
dərzi xidmətləri;
bərbərxana və gözəllik salonları;
baytarlıq fəaliyyəti;
heyvan sığınacaqları.
Ali təhsil və orta ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin koronavirus pasportunun olması tələb edilir.
Yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində; mehmanxanalarda; iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız koronavirus pasportu olduğu halda istifadə edə bilərlər.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Son rəsmi hesabata görə, Azərbaycanda ümumən 340443 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onların 5006-sı xəstəlikdən dünyasını dəyişib.
2020-ci il martın 31-dən koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi hökm sürür.
Rejim ölkə ərazisinə giriş-çıxışa, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbuluna məhdudiyyət, dəfn istisna olmaqla yas mərasimlərinə, kütləvi tədbirlərə, ictimai yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinə, istirahət və əyləncə məkanlarının, muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin fəaliyyətinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinə, masaj və hamam xidmətlərinin göstərilməsinə, şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməsinə yasaqlar nəzərdə tutur.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq olunur:
– ictimai iaşə obyektlərində müştərilərə saat 00:00-dan 9:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq;
– 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətləri.
2021-ci il yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya gedir. Son bilgiyə əsasən, 1 milyon 910 min nəfərə yaxın şəxs peyvəndlənmə prosesini bitirib.
Koronavirus xəstəliyini keçirmiş və bununla bağlı PZR testi (bu test zamanı burun-udlaqdan yaxma materialına baxılır) vermiş, nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər immunitet sertifikatı əldə edə bilər.
İmmunitet sertifikatının etibarlılıq müddəti 6 ay qəbul edilib.
Altı ay əvvəl xəstəliyə yoluxmuş və 2 iyul 2021-ci ildən sonra immunitet sertifikatının müddəti bitdiyi üçün Azərbaycanda istifadə olunan hər hansı vaksindən 1 doza qəbul edən şəxsin immunitet sertifikatı müddətsiz olaraq uzadılır. 2 iyul 2021-ci ildən əvvəl 1 doza vaksin vurdurmuş şəxslər 2-ci doza vaksini mütləq vurdurmalıdır.
Azərbaycanda 4 istehsalçının vaksini tətbiq olunur: “Sinovac” (Çin), “AstraZeneca/Vaxzevria” (İngiltərə), “Biontech/Pfizer” (Almaniya/ABŞ), “Sputnik V” (Rusiya).
Vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə peyvənd sertifikatı verilir.
Peyvənd sertifikatı müddətsizdir.