Prezident İlham Əliyev iyulun 22-si Daşkəsən rayonunda Azərbaycan Televiziyasına müsahibə verib. 2021-ci ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına toxunan dövlət başçısı deyib ki, Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb: “Altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu yaxşı göstəricidir. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür.
Sənaye istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEK+ razılaşmasının yerinə yetirilməsidir. Bilirsiniz ki, biz hasilatı azaltmışıq və necə deyərlər, bu versiyanı təsdiqləyən digər göstəriciyə diqqətinizi cəlb etmək istərdim. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq.
Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz.
İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Hesab edirəm ki, bu da yaxşı nəticədir. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıb, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik.
Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.
Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bu, planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.
Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır, ancaq 6 ayda. Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq.
Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Nəyin hesabına? İslahatların hesabına. Nəyin hesabına? Dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına. Biznes qurumlarına vaxt verilmişdi, onlara tövsiyələr edilmişdi ki, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Hər hansı bir qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələrində çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq”.