Böyük Britaniyanın “The Economist” jurnalında koronavirus pandemiyasının şəhərlərə təsiri haqqında məqalə dərc olunub. Redaksiya heyəti adından təqdim edilmiş məqalənin başlığı orijinalda belədir: “COVİD-19 amerikalılara şəhər mərkəzlərini tərk etməyə əsas versə də, onlar həmin mərkəzlərdən uzaqlaşmayıblar”. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Koronavirus pandemiyası şəhərlərə necə təsir edir? Pandemiya başlanandan bu mövzuda tədqiqatlar və proqnozlar da start götürüb.
Bəziləri düşünürdü ki, ofis işçiləri böyük şəhərlərdən qaçıb uzaq yerlərdə salınmış “Zoom towns” bölgəsinə (“Sürətlə inkişaf edən şəhərlər” – xüsusilə COVİD-19 pandemiyası zamanı “Zoom” proqramı vasitəsilə məsafəli çalışan işçilərin yaşadığı bölgə) üz tutacaqlar.
Şəhərsalma mütəxəssisi olan Riçard Floridanın fikrincə, insanların bir qismini uzaq şəhərətrafı ərazilər və kəndlər cəlb edir, bir qism adam isə iş yerlərinə yaxın şəhəriçi əyləncəli məkanları xoşlayır. Bir qisim də düşünür ki, şəhərdəki evini tərk etmiş dilsiz-ağızsız orta yaşlı adamların mənzillərini gününü əyləncə ilə keçirən iyirmi yaşlardakı gənclər ələ keçirəcəklər.
Stanford Universitetinin iqtisadiyyat üzrə professoru Nikolas Blum və elə həmin universitetin tələbəsi Arcun Ramani bir neçə həll variantı tapıblar. Onların araşdırmasına görə, pandemiya sübut edib ki, amerikalılar şəhər mərkəzlərindən uzaqlaşmalıdırlar. Lakin əhali yerindən tərpənmir. Bu müddətdə insanları böyük şəhərlərə bağlayan görünməz bağ zəifləyib, amma qırılmayıb.
2020-ci ilin yazından bəri faiz dərəcələri nisbətən aşağı düşdüyündən Amerikanın əmlak bazarında canlanma müşahidə olunub. “S&P Global” Media Holdinqinin indeksinə əsasən, aprel ayında evlərin qiyməti illik 14,6 faiz artıb. Ən yüksək qiymət artımı şəhərətrafı evlərdə müşahidə olunub.
Blum və Ramani meqapolisləri mərkəzi iş bölgələrinə (şəhər mərkəzindən 2 kilometr məsafədə) və yüksək, orta və aşağı sıxlıqlı bölgələrə bölüblər. Onlar “Zillow” əmlak saytının məlumatlarına istinadən bildiriblər ki, ən ucqar ərazilərdə evlərin qiyməti kəskin şəkildə artıb.
Nyu-York kimi böyük şəhərlərin mərkəzləri daha sakitdir. ABŞ Poçt Xidmətindən alınan ünvan dəyişikliyi haqqında məlumatlar insanların Manhettendən, eləcə də Bruklin, Kuins və Nyu-Cersi kimi sıx məskunlaşmış bölgələrdən köçdüyünü göstərib. Sakinlər Nyu-Cersi və Nyu-York əyalətlərinin yaşıllıq hissələrinə, xüsusən də Lonq Ayləndin qurtaracağında yerləşən Hamptonlar bölgəsinə üz tutublar. Bey Area, Boston və Los Ancelesdə də eyni mənzərə müşahidə olunub.
Bu, görünür, böyük şəhərlərə xas olan bir haldır. Ən iri 13-cü meqapolisdən tutmuş 50-ci meqapolisə qədər insanların sıx yaşadığı və az yaşadığı bölgələrin poçt kodlarında cüzi dəyişiklik olub, kiçik şəhərlərdə isə demək olar heç bir dəyişiklik müşahidə edilməyib. Bu, kiçik şəhərlərdə məsafədən idarə edilə bilən daha az işin olmasından irəli gələ bilər. Həm də ola bilər ki, ayrıca kiçik evləri və alçaq binaları olan bu şəhərlərin çoxu tam şəhər kənarında yerləşdiyindən meqapolisin bir ucundan o biri ucuna köçməyin mənası yoxdur.
Pandemiya dövründə amerikalıların çoxu ən böyük meqapolisləri tamamilə tərk etmədi. Bəzilərinin proqnozlaşdırdığı kimi kiçik şəhərlərə insan və biznes axını müşahidə olunmadı. Sıx yaşanan meqapolislərdə evlərin qiyməti orta hesabla daha da artdı, baxmayaraq ki, bu şəhərlərin sakinləri indi pərakəndə halda yaşamağa əvvəlkindən çox üstünlük verirlər.
Bu onu göstərir ki, COVİD-19 pandemiyası ən iri şəhər mərkəzlərinin cazibəsini azaltmayıb. İnsanlar yenə də böyük şəhərlərin yaxınlığında olmaq istəyirlər, bəlkə də işə hər gün deyil, həftənin bir neçə günü getmək üçün. Bəli, iri şəhər mərkəzlərinin cazibəsi azalmayıb, sadəcə fərq orasındadır ki, adamlar indi tam bu mərkəzlərin içində qapanıb qalmaq istəmirlər.
Mənbə: Economist.com