Dövlət başçısı İlham Əliyev iyulun 18-i Bakıda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə bir araya gəlib. Görüşlərdən sonra keçirilən mətbuat konfransında dövlət başçısı deyib ki, Şarl Mişellə əməkdaşlıq, planlar, nailiyyətlər barədə çox səmərəli, uzun müzakirələr aparıb: “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən ilin ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir.
Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, hökumətimizin çox böyük nailiyyətidir, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
Bağlılıqla əlaqədar məsələləri müzakirə etdik. Bu məsələ hər zaman, xüsusilə nəhəng nəqliyyat infrastruktur layihələrinin tamamlanmasından sonra Avropa İttifaqı ilə Azərbaycan arasında gündəlikdə olub. İkinci Qarabağ müharibəsindən sonra, ötən il noyabrın 10-da əldə edilən üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu məsələ, eləcə də regionda münaqişədən sonrakı inkişafla bağlı başqa məsələlər bu gün geniş şəkildə müzakirə olundu. Çünki bu, yeni vəziyyət yaratdı, yeni reallıqlar yaratdı.
Azərbaycan ərazilərinin işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”.
Xəbəri AZƏRTAC yayıb.
Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir. Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. Bu proqram 2009-cu ildə elan olunub, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edib. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda ərazilərin böyük hissəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək ərazilərin bir hissəsi də Azərbaycana qaytarılıb.
Yuxarı Qarabağın bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
10 noyabr 2020-ci il bəyanatına görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.