“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin Azərbaycan mediasının durumu ilə bağlı məqaləsi yayılıb. İyulun 22-də Azərbaycanın ilk mətbu orqanı “Əkinçi” qəzetinin nəşrinin 146-cı ilinin tamam olacağını xatırladan jurnalist qeyd edir ki, ölkə mətbuatı matəm ovqatındadır: tirajlar ölüb, reklam və yaşamaq üçün vəsait yoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsaslanan Mehman Əliyev yazır ki, 2020-ci ildə kütləvi informasiya vasitələri reklam yayımından 11 milyon 843,4 min manat əldə edib: “Reklamdan ən çox televiziya və radio şirkətləri qazanıb – 10 milyon 538 min manat. KİV-in reklam gəlirinin təxminən 89 faizi teleradionun payına düşüb. Ümumən reklam gəlirləri strukturunda KİV-in xüsusi çəkisi 15,6 faizdir.
2020-ci ildə Azərbaycanda 72,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) rəsmiləşib. ÜDM-də media reklamının payı 0,016 faiz olub (beynəlxalq norma – 1 faiz).
Əsrin əvvəlindən 2015-ci ilə qədər Azərbaycanda media reklamı bazarının ÜDM-ə nisbətdə həcmi 0,1 həndəvərində qalıb, halbuki ÜDM neft gəlirləri hesabına 10 qatdan çox artıb. Bu cür sabit nisbət media reklamı bazarına dövlət nəzarətini sübut edir”.
Jurnalist qeyd edir ki, böyük və azad reklam bazarı hakimiyyətə sərfəli deyil, çünki bu, ötən yüzilliyin 90-cı illərində olduğu kimi maliyyə cəhətdən və deməli, siyasi cəhətdən müstəqil medianın formalaşması ilə nəticələnə bilər: “İkincisi, enerjidən asılı iqtisadiyyat reklama təkan vermək iqtidarında deyil. Enerji resurslarının ÜDM-də payı 2005-ci ildən 2020-ci ilə qədər 67 faizdən cəmi 40 faizədək azalıb, iqtisadiyyatın neftdən asılılığı yüksək olaraq qalır. Reklamın əsas tədarükçüsü olan kiçik və orta biznes ÜDM-in 10 faizə qədərini tutur, halbuki inkişaf etmiş ölkələrdə onların payı 70-90 faizə qədərdir, məhz kiçik və orta biznes iqtisadiyyatın sütunu və reklamın hərəkətverici qüvvəsi kimi çıxış edir.
Üçüncüsü, avtoritar dövlət kimi Azərbaycan azad iqtisadiyyatın, azad ticarətin və azad rəqabətin inkişafında maraqlı deyil. İqtisadi azadlıq qaçılmaz olaraq şəxsiyyət azadlığına, söz azadlığına və nəhayət, siyasi azadlığa gətirib çıxarır. Təsadüfi deyil ki, Azərbaycanda KİV-in müstəqilliyinə xələl gətirilməsi onun iqtisadi əsaslarının sarsıdılması ilə başlayıb”.
Mehman Əliyev yazıda reklam bazarının reanimasiyası yollarını da göstərir: ictimai reklam; dövlət reklamı; kommersiya strukturlarının məcburi reklamı; QHT layihələrinə informasiya dəstəyi istiqamətləri üzrə təkliflər verir.
1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.