Sabit və mobil internetin sürəti üzrə “Speedtest Global İndex” hesabatı yayılıb. Bu haqda yazan iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli qeyd edir ki, Azərbaycan sabit internetin sürətində 181 ölkə arasında 122-ci, mobil internet sürətində 137 ölkə arasında 66-cı yeri tutur: “21-ci əsrdə, dünyanın onlayn sistemə keçdiyi dövrdə belə göstəricilər biabırçılıqdır. Belə internetlə distant təhsil, onlayn dərs keçirmək istəyirlər. Pandemiyanın başladığı 2020-ci ildə məhz ölüvay internet üzündən ölkənin böyük bir hissəsində məktəblilər onlayn təhsildən məhrum oldular, bunun fəsadlarını illər sonra daha kəskin hiss edəcəyik”.
Novator.az-ın məlumatına görə, Natiq Cəfərli əlavə edir ki, Azərbaycanda internet bahadır: “Ölkədə saniyədə 100 meqabit internet 44,64 dollardır. Eyni həcmli internetə Ukraynada 6,18 dollar, Rusiyada 7,68 dollar, Moldovada 9,66 dollar, Qazaxıstanda 11,21 dollar, Belarusda 12,96 dollar, Ermənistanda 21 dollar, Türkiyədə 30,09 dollar, Gürcüstanda 33,79 dollar ödənir.
Azərbaycan internetin qiymətində bəzi Avropa ölkələrini də geridə qoyur: saniyədə 100 meqabit internet Macarıstanda 10,32 dollara, Bolqarıstanda 13,88 dollara, Latviyada 14,19 dollara, Finlandiyada 17,91 dollara, Litvada 19,73 dollara, Çexiyada 23,57 dollara, İspaniyada 33,11 dollara, Avstriyada 39,79 dollara başa gəlir.
Qiymət yuxarı, sürət aşağı. Bu fonda Azərbaycan hökuməti yüksək texnologiyalardan, “ağıllı kənd və şəhərdən” danışır.
İnternetin bahalı və ölüvay olmasının əsas səbəbi inhisarçılıq, rəqabətsizlikdir. Bu isə ölkənin bütün sahələrində xroniki xəstəlikdir”.