İyulun 14-ü Bakının Xocasən qəsəbəsində mənzillərin, avtomobillərin təqdim olunması mərasiminə qatılan prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.
İlham Əliyev deyib ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir: “Böyük yaşayış kompleksidir. Mən burada yaradılmış şəraitlə tanış oldum, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası fəaliyyətə hazırdır. Yəni burada rahat yaşamaq üçün bütün imkanlar var.
Şəhid ailələri və Qarabağ qazilərinə dövlət daim böyük diqqət göstərir, sözdə yox, əməldə. Bunu təsdiqləyən rəqəmlər özlüyündə bunun göstəricisidir. Bu kompleks də nəzərə alınmaqla 10 min şəhid ailəsi və müharibə əlili mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. Bununla bərabər biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik, bütövlükdə 7200 avtomobil verilib.
Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkədə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar ilk növbədə dövlətin qayğısı ilə əhatə olunmalıdır.
Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə. Çünki hər şey əməllə ölçülür. Yaxşı sözlər demək çox asandır, biz bunu eşitmişik və İkinci Qarabağ müharibəsi dövründə bizim bütün sözlərimiz həqiqəti əks etdirirdi. Ermənistan tərəfi isə öz vətəndaşlarını aldadırdı, vicdansızcasına aldadırdı, yalan danışırdı və bunun acısını indi çəkir. Bizim isə sözümüz tam həqiqətdir və verilmiş vədlər də tam yerinə yetirildi. Bu günə qədər verilmiş bütün vədlər, o cümlədən ərazi bütövlüyümüzün bərpası ilə bağlı verilmiş vədlər yerinə yetirildi.
Mən şəhid ailələri ilə son illər, yəni bütün bu 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də təbii ki, onların məişət problemlərini həll edim. Eyni zamanda bilirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır. Mən bunu çox yaxşı başa düşürdüm və biz hamımız onların qisasını almaq istəyirdik və almalı idik. Deyirdim ki, onların qanı yerdə qalmayacaq və bu gün gəldi. Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa olsun biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir – həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”.
Xəbəri AZƏRTAC yayıb.