Rəsmi açıqlamalara görə, toyların təşkili qaydalarının pozulması Cinayət Məcəlləsinin 139-1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə məsuliyyətə səbəb olur.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimələnir, yaxud işin halları, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslərə 5000 manatdan 11000 manatadək məbləğdə cərimə kəsilir.
Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslərin həmin tələblərin pozulmasının qarşısını almamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir.
Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.
2020-ci il martın 31-dən Azərbaycanda koronavirus infeksiyası üzündən xüsusi karantin rejimi hökm sürür. Həmin il martın 16-dan toylara qadağa qoyulub. Nazirlər Kabineti 2021-ci il iyulun 1-dən bu tələblərə riayət etməklə şənlik mərasimlərinə (toy, nişan, ad günləri və s.) icazə verib:
qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir;
50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün koronavirus pasportunun təqdim olunması tələb olunmur;
50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən, yaşı 18-dən yuxarı bütün qonaqların koronavirusa qarşı tam peyvənd olmaları və ya koronavirusdan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur;
şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) müvafiq tələblərə cavab verməlidir;
şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir;
şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları İcaze.e-gov.az portalına daxil etməlidir;
şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalı və İcaze.e-gov.az portalına daxil edilməlidir.