Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 2017-ci ildən bəri dövlət sosial sığortası üzrə rüblük hesabatları həmçinin mobil imzadan istifadə etməklə verir. Qaydalara görə, onlar mobil operatorların müştəri xidmətlərinə müraciət edib öz nömrələrini asan imza xidmətinə qoşdurur. Bu xidmət mobil operatorlara üç il üçün 18 manat, hər ay 2 manat 50 qəpik aylıq ödəniş nəzərdə tutur.
Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti, iqtisadçı Samir Əliyev yazır ki, üç il əvvəl aldığı asan imzasının vaxtı bitib: “Mobil telefon nömrəsini işlətdiyim “Azərcell” şirkətinə zəng vurdum. Məlum oldu ki, məsələni onlayn şəkildə həll etmək mümkündür. Balansının 20,5 manat (aylıq abunə üçün 2,5 manat və yenidən qoşulmaq üçün 18 manat) olması kifayətdir ki, müqaviləni üç il müddətinə uzatsınlar.
Dövlət Vergi Xidmətinin 195-1 nömrəli qaynar xəttinə zəng vurub soruşuram ki, özəl şirkət məsələni onlayn şəkildə həll etməklə elektron hökumət platformasına töhfə verir, bəs siz hansı nümunəni göstərirsiniz? Məlum olur ki, asan imza üçün bütün kağız sənədləri (şəxsiyyət vəsiqəsi, VÖEN vəsiqəsi, köhnə müqavilə və s.) yığıb yenidən “ASAN xidmət” mərkəzinə getməliyəm. Axı niyə? Dövlət qurumu niyə nümunə göstərə bilmir? Şəxsiyyət vəsiqəm “Elektron hökumət” portalında (Daxili İşlər Nazirliyi sistemində) var. VÖEN vəsiqəm də həmçinin (Dövlət Vergi Xidməti sistemində). Qalır asan imza. Onu da “Azərcell” ümumi şəbəkəyə göndərir. Bəs onda “ASAN xidmət” mərkəzində növbə tutub vaxt sərf etməyə nə lüzum var?
Asan imza xidməti ümumiyyətlə ləğv edilməlidir. Bunun bir adı var: sahibkarı soymaq. Üç ilə 18 manat, üstəgəl hər ay 2 manat 50 qəpik ödəniş kiçik sahibkar üçün az pul deyil. Niyə hansısa xarici şirkətin yaratdığı sistemə alternativ pulsuz mexanizm tətbiq edilmir?”